Türkiyədə hərbi qarşıdurmalar: 15 türk əsgəri öldürülüb
Türkiyənin şərqində - Hakkari bölgəsində PKK terror təşkilatının üzvlərinin hücumu nəticəsində ölən və yaralanan əsgərlər var.
Oxu.Az DHA-ya istinadən xəbər verir ki, Dağlıca kəndində terrorçuların yola basdırdıqları mina əsgərləri daşıyan iki zirehli maşın keçərkən partlayıb.
Partlayışdan sonra baş verən atışmada bir neçə PKK yaraqlısı məhv edilib.
Rəsmi orqanlar türk ordusunun həlak olan və yaralanan əsgərlərinin sayını dəqiq bildirmirlər. Kürdistan Fəhlə Partiyasının rəhbərliyi öz növbəsində 15 türk hərbçisinin öldürüldüyünü bəyan edib, bu barədə Reuters agentliyi bildirib. Yaraqlılar çoxlu sayda silah ələ keçiriblər.
Baş verənləri şərh edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, regionda mübarizə daha böyük qətiyyətlə davam etdiriləcək, DPA agentliyi bildirib.
Türkiyənin silahlı qüvvələri Hakkaridə Kürdistan Fəhlə Partiyasının yaraqlılarına qarşı əməliyyat keçirirlər, burada həmçinin hərbi aviasiyadan istifadə edilir.
Mənbə:> Oxu.Az