Bakıdan İstanbula qatarla getmək mümkün olacaq – VİDEO
Gələn ildən Türkiyə istiqamətinə üz tutanlar artıq qonşu ölkəyə qatarla həm rahat, həm də sərfəli getmək şansı əldə edəcəklər.
ANS PRESS-in məlumatına görə, Bakı-Tbilisi-Qars dəmir yol xəttilə sərnişinlərin daşınması üçün Azərbaycan Türkiyədən daha 30 vaqon alacaq.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, artıq bununla bağlı danışıqlar yekunlaşıb və vaqonlar sifariş olunub. Sözügedən qatarlarda sərnişinlərin rahatlığı üçün ən yüksək şəraitin qurulacaq. Vaqonlar Azərbaycana 2016-cı ildə gətiriləcək. Qatarlar bir mərtəbəli olacaq.
Müasir standartlara uyğun bütün şəraitə malik olacaq qatarlarda “Wi-Fi” sistemilə yanaşı, bir sıra başqa yeniliklərin də olacağı istisna olunmur. Sərnişinlər Bakıdan Qarsa bir günə gedə biləcəklər.
“2016-cı ildə 30 vaqon Azərbaycana gətiriləcək. Həmin vaqonlar qatar şəklində Bakı–İstanbil arasında işləyəcək. Hazırda danışıqlar hələ də davam etdirilir. Biz çalışırıq ki, bu istiqamətdə işlərimizi daha da tezləşdirək”, – deyə Nadir Əzməmmədov bildirib.
Yükdaşımada da yeniliklərin olacağı istisna edilmir. Bu ilin sonuna kimi Bakı-Tbilsi-Qars xəttilə artıq yüklərin də daşınmasına başlanılacaq. Bu istiqamətdə son tamamlama işləri aparılır. 2015-ci ilin sonlarında ilk qatarlar Türkiyə sərhədinə gedib çıxacaq. Həmçinin yeni körpünün inşası da aparılır.
İşlər yekunlaşandan sonra bu dəmir yolu xətti ilə 5 və ya 6 milyon yükün daşınması nəzərdə tutulur. Sonrakı illərdə isə 15 milyona qədər yükün daşınması planlaşdırılır.
Mənbə:> ANSPRESS