Beynəlxalq Bankda istefa
Beynəlxalq Bankda istefa. ANS PRESS-in məlumatına görə, bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayev istefa verib.
Rauf Ağayev ANS PRESS-ə verdiyi açıqlamasında bu barədə məlumatı təsdiqləyib. O, yeni rəhbərliklə heç bir problem yaşamadığını və istefa ərizəsini könüllü yazdığını deyib.
“Tutduğum vəzifədən öz istəyimlə istefa vermişəm. İxtisasım jurnalistika olduğu üçün fəaliyyətimi bu istiqamətdə davam etdirəcəm".
Rauf Ağayev 14 il Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri olub.
Qeyd edək ki, bir müddət öncə R.Ağayevin həbsi barədə xəbərlər yayılıb. “Bank Technique”nin müşahidə şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev ANS PRESS-ə açıqlamasında həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmayıb. Heç onunla telefon bağlantısı da yaradan olmayıb.
Xatırladaq ki, 22 iyulda Azərbaycan Beynəlxalq Bankına yeni sədr təyin olunub. İdarə Heyətinin sədri vəzifəsinə Elmar Məmmədov seçilib.
Elmar Məmmədov 1967-ci ildə anadan olub. 1991-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu maliyyə və kredit 1994-cü ildə isə Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. 1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, bankın Səbayel filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank” ASC-nin Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb. “Kapital Bank” ASC Müşahidə Şurasının 5 iyun 2009-cu il tarixli qərarına əsasən, “Kapital Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. 2014-cü ildə isə “Azər-Türk Bank” ASC-nin səhmdarlarının ümumi yığıncağında bankın İdarə Heyətinin sədri seçilib.
Əlavə edək ki, Elmar Məmmədov “Azərsığorta” Dövlət şirkətinin rəhbəri Məmməd Məmmədovun oğludur.
Keçmiş bank rəhbəri Cahangir Hacıyev bu il martın 18-də səhhəti ilə əlaqədar işdən uzaqlaşması barədə ərizə verib.
Mənbə:> ANSPRESS