Beynəlxalq Bankın xidmət rəhbəri həbs edildi?
“Bank Technique”nin müşahidə şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayev həbs edilməsi barədə yayılan məlumata münasibət bildirib.
“Bank Technique”nin müşahidə şurasının üzvü Rauf Ağayevin saxlanılması, yaxud da, istintaqa cəlb olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Rauf Ağayev ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmayıb. Heç onunla telefon bağlantısı da yaradan olmayıb.
"Hazırda məzuniyyətdəyəm. Şəhərdə gəzirəm. Düzü barəmdə yayılan məlumatlardan da xəbərsiz idi. Mənimlə əlaqə saxlayıb, soruşanda bildim. Məni niyə saxlamalıdırlar ki? Şükürlər olsun ki, heç bir gizlədəcək işim yoxdur", - deyə Rauf Ağayev bildirib.
Rauf Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə heç nə bilmədiyini vurğulayıb: "Mən “Bank Technique”nin müşahidə şurasının üzvüyəm. Amma bu o demək deyil ki, oradan nə baş verirsə mənim xəbərim var. Bankın direktoru da mənə hesabat verməyə borclu deyil".
Qeyd edək ki, Fərid Məmmədov Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.
Mənbə:> ANSPRESS