Manatla kredit təklifini artırmaq üçün nə etməli?
Kommersiya bankları tərəfindən kreditlərləşdirmə əsasən, 3 mənbə hesabına – Mərkəzi Bank (AMB) tərəfindən ayrılan, xarici maliyyə qurumlarından alınan və bir də əhalidən cəlb olunan əmanətlər üzrə resurslar hesabına həyata keçirilir. Bunların sırasında isə ən böyük ağırlıq məhz sonuncunun üzərinə düşür. Bunun da müsbət amil olmadığı özünü bir neçə istiqamətdə göstərmiş və bankların kredit təkliflərində daha çox əhalidən cəlb edilən əmanətlərin həcminə söykənmə faktorunun effektsiz xarakter daşıdığı əyani görünmüşdür.
Sözügedən tendensiyaya sonuncu misal olaraq əhali tərəfindən banklardakı əmanətlərin strukturunun məlum səbəblərə görə kəskin dəyişdirilməsi səbəbindən kredit təklifinin məhdudlaşması və ümumiyyətlə, manatla kredit verilməsi prosesinin dayandırılmasını göstərmək olar. Bu, bir daha sübut etdi ki, kommersiya bankları kredit təklifində əhalinin əmanətlərindən asılı vəziyyətdədirlər.
Yeri gəlmişkən, 2015-ci il mayın 1-nə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının ümumi həcmi təxminən 20 milyard 595 milyon 500 min manat təşkil edib ki, bu da aprelin əvvəlinə nisbətən 3 milyard 6 milyon 800 min manat və ya 0,1 % az olub. Azalmanın 2 milyard 6 milyon 800 min manatı dövlət, 4 milyard 1 milyon 100 min manatı özəl banklar üzrə qeydə alınıb.
İyunun 1-nə isə, Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 19 milyard 877 milyon 600 min manat təşkil edib. Bu da son bir ay ərzində daha 127,2 milyon manat və ya 0,63 % azalma deməkdir.
Kreditləşdirmədə azalma martdan başlayıb. Belə ki, yanvarda və fevralda ümumi kredit qoyuluşunda artım müşahidə olunsa da martda vəziyyət dəyişdi. Apreldə isə azalma bir az da sürətləndi.
Səbəb isə aydın idi: bir tərəfdən AMB-in 21 fevral tarixli qərarından sonra banklar obyektiv olaraq müvafiq çətinliklərə düşdülərsə, digər tərəfdən əhali manatla olan əmanətlərini xarici valyutaya dəyişməyə başladı.
Qeyd edək ki, ölkədə fəaliyyət göstərən kommersiya banklarında manatla yerləşdirilən depozitlərin həcmi 2015-ci il may ayının sonuna 2 milyard 172 milyon 600 min manat təşkil edib ki, apreldə bu göstərici 2 milyard 245 milyon 100 min manat – 72,5 milyon çox təşkil edirdi. Cari ilin əvvəli ilə müqayisədə isə sözügedən azalma 2 milyard 249 milyon 800 min manat və ya 50 %-dən çox təşkil edib.
Ümumiyyətlə, bu ilin yanvar-may aylarına olan məlumata əsasən əhalinin banklarda olan əmanətlərinin həcmi 7 milyard 601 milyon 100 min manat olub ki, bunun da 5 milyard 428 milyon 500 min manatı, yəni 70 %-dən çox hissəsi xarici valyutadan ibarət olub. Başqa sözlə desək, banklardakı əmanətlərin strukturunda xarici valyutanın çəkisi yanvarda 40 % təşkil edirdisə, fevralda 62,3-ə, martda 65,3-ə, apreldə isə 70,9 % səviyyəsinə çatıb.
Bəs, bunun qarşısını almaq olmazdımı? Sözsüz ki, yox...
Əhali əmanətlərini banklarda hansı valyuta ilə istəsələr yerləşdirə bilərlər. Buna qarşı qanunvericilikdə məhdudiyyət yoxdur - ola da bilməz. Eyni zamanda, banklar da kreditlərini ən çox hansı valyutada sərfəli olarsa, o valyuta ilə təklif edə bilərlər.
Yəni, buna da məhdudiyyət yoxdur.
Ancaq təkrar edirik: kommersiya bankları sözügedən tendensiyaya uyğun olaraq manatla kreditləşdirməni dayandırdılar. Bu isə dollarlaşdırma deməkdir.
Təbii ki, bunu müsbət qarşılamaq olmaz.
Odur ki, vəziyyətdən 2 çıxış yolu var: ya əmanətlərin manatla yerləşdirilməsini stimullaşdırmaq və cəlbediciliyini artırmaq məqsədilə genişmiqyaslı tədbirlər planı işləyib hazırlayaraq həyata keçirtmək, ya da bankların kredit portfellərində manat kütləsini artırmaq.
Birinci, daha çox banklara aid məsələdir. İkincidə isə AMB-in iştirakı olduqca vacib sayılır. Bu mənada, çox təqdirəlayiq haldır ki, AMB-in kommersiya banklarına manatla vəsait ayıracaq və banklar da bu pulu ancaq kreditləşməyə sərf edəcəklər. Belə ki, həmin vəsaitin valyuta mübadiləsinə yönəldilməsinə icazə verilməyəcək.
Çünki müşahidəyə əsasən, son 3-4 ay ərzində, yəni ki, manat dollara nəzərən dəyərdən salındıqdan sonra AMB banklara hər cür dəstək göstərsə də əhali tərəfindən manata olan münasibət əvvəlki vəziyyətə qayıtmayıb.
Belə ki, əhalidə banklara etimad qalsa da milli valyutaya ehtiyatla yanaşılır. Banklara yeni depozitlərin yerləşdirilməsi demək olar, hələ də tamamilə xarici valyuta ilə aparılır.
Ona görə də əlavə tədbirlər həyata keçirtmək lazımdır. Belə ki, banklar tərəfindən manatla kredit təklifini bərpa etmək və artırmaq üçün Mərkəzi Bank vəziyyətə daha fəal şəkildə müdaxilə etməli və prosesə ən sərt formada dəstək göstərməlidir.
Bunun başlıca yolu isə AMB tərəfindən ayrılan mərkəzi kreditlərin həcmini artırmaqdan keçir. O baxımdan ki, sözügedən qurum dövriyyədən yığılan manatı tədricən geri qaytara bilsin. Bunu isə yalnız ucuz pul-krediti vasitəsilə təşkil etmək mümkündür.
Biz, bilavasitə devalvasiyaya dair şərhimizdə də yazmışdıq ki, istehsalı genişləndirmək və ixracı artırmaq məqsədilə milli valyutanı tədricən dəyərdən salmaq istənilən halda AMB-in uçot dərəcəsindən asılıdır. Başqa sözlə desək, mərkəzi maliyyə resursları və yaxud kreditlər üzrə təyin olunan faiz dərəcəsindən...
Odur ki, ən mükəmməl devalvasiya mexanizmi də məhz pul-kredit siyasəti vasitəsilə həyata keçirilir. Belə ki, Mərkəzi Bank tərəfindən mərkəzi kreditləşdirmə üzrə baza və yaxud uçot dərəcəsi azaldılırsa bu, devalvasiya, yuxarı qaldırılarsa deflyasiya anlayışına gəlir. Sözügedən dərəcə isə iqtisadiyyata maliyyə dəstəyi həyata keçirmək üçün azaldılır, inflyasiyanı cilovlamaq məqsədilə isə qaldırılır.
AMB tərəfindən uçot faiz dərəcəsi 2012-ci ilin dekabr ayının 12-dən aşağı salınır. Həmin vaxta qədər 5,25 % idi ki, qeyd olunan tarixdə 5 %-ə salındı. 2013-cü ilin fevralın 11-də 4,75-ə, 2014-cü ilin mayın 1-də 4,25-ə, həmin ilin iyulun 30-dan isə 3,5 %-ə endirilib.
Sonuncu məlumata əsasən, AMB İdarə Heyəti 13 iyul 2015-ci il tarixdən uçot dərəcəsinin 3,5-dən 3 %-ə endirmək haqda qərar qəbul edib. Fikrimizcə, banklar tərəfindən əmanətlərin strukturunun kəskin şəkildə dəyişməsi səbəbindən kredit təklifinin məhdudlaşmasını aradan götürmək və ümumiyyətlə, manatla kredit verilməsini tam bərpa etmək üçün AMB uçot faiz dərəcəsinə tədricən 2 %-dək aşağı salmalıdır.
Mənbə:> Oxu.Az - Pərviz Heydərov