Ünvanlı sosial yardım alanların sayı azalır
May ayında respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 21987 ailə (96644 nəfər ailə üzvü) və ya 16% azalaraq 115 415-ə (503 181 nəfər ailə üzvü) enib.
Oxu.Az Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə (ƏƏSMN) istinadən xəbər verir ki, bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4%artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb.
May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33 056-nı (28,6 %) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.
Xatırladaq ki, Nazirlər Kabinetinin iyulun 13-də keçirilən iclasında prezident İlham Əliyev ünvanlı sosial yardım alanların sayının azalması məsələsinə də toxunmuşdu:
“Ünvanlı sosial yardım proqramında çox müsbət dəyişikliklər baş vermişdir. Şəffaflıq təmin olunur, normal qayda-qanun yaradılır, xoşagəlməz hallara son qoyulur, korrupsiya ilə mübarizə ciddi aparılır və bunun hesabına artıq bu sahədə daha da sağlam vəziyyət yaranmışdır. Yerlərdən gələn məlumat da məni çox sevindirir, insanlar da bu müsbət dəyişiklikləri görürlər.
Beləliklə, məndə olan məlumata görə, ünvanlı sosial yardım alan insanların sayı təxminən 20% azalmışdır. Nəyin hesabına? Ona görə yox ki, kiminsə yardımı kəsilib. Ona görə ki, yardıma ehtiyacı olmayan artıq bunu almır. 112 min ailə, 490 min insan bu yardımı alır və hər ailəyə orta hesabla təxminən hər ay 150 manat pul verilir. Bax, budur bizim sosial siyasətimiz və yanaşmamız”-deyə, prezident çıxışı zamanı qeyd etmişdi.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli