Birinci Avropa Oyunlarının büdcəsi açıqlandı
Dünya iqtisadi böhranı Birinci Avropa oyunlarının büdcəsinə təsir göstərməyib.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS agentliyinin əməkdaşı ilə söhbətində Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, oyunların tam büdcəsi planlaşdırılmamış xərclərlə birlikdə 1,174 milyard manat (1,12 milyard dollar) təşkil edib. Büdcənin əsas hissəsi 960 mln manata (915,8 milyon dollar) bərabər olub.
“Əgər siz neftin qiymətinin düşməsini nəzərdə tutursunuzsa, iqtisadi böhran Avropa oyunlarının təsdiq edilmiş büdcəsinə heç cür təsir göstərə bilməzdi. Bu məbləğ ilk başdan büdcəyə salınmışdı. Əgər bu büdcə tutulubsa, onda bizim ölkədə bu o deməkdir ki, büdcə neftin qiymətinin düşməsindən asılı olmayaraq yerinə yetiriləcək”,- deyə Rəhimov vurğulayıb.
Gənclər və idman naziri vurğulayıb ki, mövcud büdcəni manatın 30-33% devalivasiyası dəyişə bilərdi. “Bu, xaricdən təchizatla bağlı bir çox sazişlərə təsir edə bilərdi. Amma mən sizə deyə bilərəm ki, ölkə büdcəsindən - nə maliyyə nazirliyindən, nə də hansısa xüsusi fondan biz bir dollar belə artıq pul istəməmişik. Manatın devalvasiyası, açılış mərasiminin xərcləri ilə bağlı vəziyyət büdcəyə, demək olar ki, heç təsir göstərməyib. Biz ilkin səsləndirilmiş rəqəmin çərçivəsində qaldıq”.
Rəhimov bildirib ki, xərci təxminən 240 milyon manat (229 milyon dollar) olan açılış və bağlanış mərasimi üçün büdcədən əlavə pul istənilməyib. “Biz büdcəyə 300 milyon qənaət etdik”, - deyə Rəhimov vurğulayıb.
I Avropa Oyunları bağlanış mərasimi iyunun 28-də olacaq.
Mənbə:> Oxu.Az