İlham Şaban: Rusiyanın “Transxəzər”lə bağlı bəyanatları başa düşüləndir
Rusiya Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində birinci dəfə deyil ki, “Transxəzər” qaz kəməri ilə bağlı bu cür bəyanatlar səslənir. Onların mövqeyinin son 20 ildə dəyişilməz olması başa düşüləndir.
Oxu.Az-a bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Rusiya XİN-in kəmərin inşası ilə bağlı səsləndirdiyi bəyanatları şərh edərkən bildirdi.
Onun sözlərinə görə, bu cür bəyanatların səslənməsinə səbəb Rusiyanın öz qazını Avropa bazarına çıxarmaqla bağlı yaşadığı problemlərdir:
“Rusiya öz qazının Avropa bazarına çıxarılması ilə bağlı Avropa Komissiyası ilə problemlər yaşayır. Düşünürəm ki, bu problemlərin yaxın zamanlarda həll olunması gözlənilmir”.
Rusiya tərəfini narahat edən Türkmənistan, Azərbaycan, Türkiyə nümayəndələrinin iştirakı ilə baş tutan görüş oldu:
“Mayın 1-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan, Azərbaycan, Türkiyə tərəfinin iştirakı ilə görüş keçirildi. Görüşün nəticəsi olaraq da deklarasiya imzalandı. Bilirsiz ki, Türkmənistan tərəfi bu günə qədər rəsmi şəkildə heç bir sənədi imzalamamışdı. Bu cür cəsarətli addım onu sübut etdi ki, bu ölkə öz qazını Avropaya ixrac etməkdə maraqlıdır” - deyə, İ.Şaban qeyd edir.
Mütəxəssis deklarasiya, həmçinin Xəzərin dibi ilə qazın ixracı ilə bağlı hüquqi, ekoloji, kommersiya məsələlərini öyrənmək üçün enerji nazirlərinin səviyyəsində ekspert qrupunun yaradılmasının zəruriliyini bildirdi.
“Bundan sonra, Rusiya tərəfinin baş verən prosesləri sakitcə durub qarşılamasını təbii ki, gözləmək olmaz. Çox keçmədi ki, Rusiya tərəfi Avropa Komissiyasının onun layihəsinə adekvat cavabını almadıqdan sonra buna görə bu cür sərt reaksiya ilə öz mövqeyini ortaya qoydu”.
Xatırladaq ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç çərşənbə axşamı açıqlamasında bildirmişdi ki, “Transxəzər” qaz kəməri layihəsinin reallaşması ekoloji cəhətdən təhlükəli ola bilər.
“Hər mənada unikal olan su hövzəsində magistral qaz kəmərlərinin inşasına bizim nöqteyi-nəzərimizdən ilk olaraq ekologiya prizmasından və yalnız sonra iqtisadiyyat bucağından baxmaq lazımdır” - deyə, o bildirmişdi.
Qeyd edək ki, məsələ ilə bağlı Energetika Nazirliyinin münasibətini də yaxın zamanlarda yayımlayacayıq.
Mənbə:> Oxu.Az