Bazarda ət boldur, almağa pul yoxdur...
Bunu virtualaz.org saytına açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib.
V.Məhərrəmovun sözlərinə görə, Azərbaycana hazırda Braziliya və ABŞ-dan toyuq əti gətirilir: “Türkiyədən toyuq əti gətirilməsinə qoyulan məhdudiyyət ölkə bazarına təsir etmədi. Çünki hazırda daha iki ölkədən quş əti alınır. Bazarlarda ölkə əhalisinin tələbatını ödəyəcək qədər məhsul var. Amma maddi problemlər səbəbindən əhalinin qidalanma səviyyəsi aşağıdır”.
Ekspert Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyi adambaşına illik normaları da xatırlatdı: “ÜST-nın normalarına əsasən, adambaşına illik ət norması 84 kiloqramdır. Həmin tövsiyələrə əsasən ölkələr öz əhalisi üçün norma müəyyənləşdirib. Məsələn, inkişaf etmiş ölkələrdə toyuq əti norması 30-35, qoyun əti isə 20-25 kiloqram müəyyənləşdirilib. Azərbaycanda adambaşına illk toyuq ətinin istehlakı 10 kiloya yaxındır. Rusiyada isə bu göstərici 25 kiloya yaxındır. Problem ondadır ki, alıb yeyə bilmədiyimiz toyuq ətini digər ətlər vasitəsilə kompensasiya etmək imkanımız da yoxdur. Bunun əsas səbəblərindən biri də qiymətlərin yüksək olmasıdır”.
V.Məhərrəmov onu da qeyd etdi ki, MDB ölkələri ilə müqayisədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiyməti yüksəkdir: “Məsələn, Latviyada toyuq ətinin qiyməti 1 manat 60 qəpik-2 manat, mal əti 4-5 manatadır. Digər məhsulların qiyməti də dəfələrlə ucuzdur. Məhsulların baha olmasının müxtəlif səbəbləri olsa da son nəticədə bu əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Əhalinin, xüsusilə də uşaqların illik norma daxilində qidalana bilməmələri sağlamlığa təsir edir. Təhlillər göstərir ki, ölkəmizdə əhali əsasən çörək və un məmulatları ilə qidalanır. Bu məmulatlarda isə zülallar, yağlar yetərli deyil”.
Qeyd edək ki, “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın icrasının başa çatmasına çox az qalıb. Proqramın həyata keçirilməsinə dövlət büdcəsindən 2011-ci ildə 111,6 milyon manat, 2012-ci ildə 112 milyon manat, 2013-cü ildə 125 milyon manat, 2014-cü ildə 131 milyon manat ayrılıb.
Lakin milyonların sərf edildiyi proqram çərçivəsində görülən işlərin hesabatı ümumi məlumatlarla yekunlaşır.
Görünən isə odur ki, ölkə əhalisinin strateji məhsullara tələbatı xarici istehsal hesabına ödənilir, kənd təsərrüfatı məhsulları bahalaşıb, əvəzində isə əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb.
Mənbə:> Virtualaz.org