Əhalinin qiymət narazılığı
Bayram qabağı Kənd Təsərrüfati Nazirliyi tərəfindən paytaxtın bütün rayonlarinda təşkil olunan yarmarkalar martın 19-dək davam edəcək.
ANS TV-nin məlumatına görə, bazarda məhsul bol olsa da alıcı qıtlığı var. Qiymətlərlə maraqlandıq. Məlum oldu ki, məhsulların qiyməti yerli yaxud xaricdən gəritirilmə olmasına, çeşidinə görə fərqlənir. Məsələn burda kilosu 50 qəpiyə də alma taparsan 3 manata da.
Budəfəki bayram yarmarkalarında əsas yeri kənd təsərrüfatı məhsulları tutsa da, alıcılara digər ərzaq malları da təklif olunurdu. Məhsulların çeşidi bol olsa da, qiymət məsələsində alıcılar məmnun görünmürdü. Xüsusilə Novruzda daha çox alınan quru meyvələr, çərəzlər və qoz-fındığın qiyməti alıcıları məyus etmişdi.
Yarmarkaları Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti birgə təşkil etdiyindən bu qurumların məsul əməkdaşlarından ibarət işçi qrupları satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə nəzarət edirlər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunur. Bu il Novruz bayramı ərəfəsində təşkil olunan yarmarkalar əvvəlkilərdən bir sıra xüsusiyyətləri ilə fərqlənəcək.
Kənd Təsərrüfatı naziri Heydər Əsədov yarmarkalardakı qiymətlərin bazar nisbətində müəyyənləşdiyini deyir. O qeyd edir ki, əgər bazarda suni qiymət artımı olarsa onda aidiyyatı qurumlar tərəfindən nəzarət təşkil olunacaq.
Əhali əsasən Yasamal, Xətai, Nizami, Nəsimi rayonlarındakı yarmarkalara üstünlük versə də bu ticarət mərkəzləri hələ ayın 19-na qədər paytaxtda 10 ünvanda fəaliyyət göstərəcək. Bayram alış-verişinizi hələ etməmisizsə özünüzə ən yaxın ünvana gedib, yarmarkalardan yararlana bilərsiz.
Mənbə:> ANSPRESS