Rusiya Azərbaycanda dərman istehsalına başlayır
Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Eldar Tlyabiçev məlumat verib.
Eldar Tlyabiçevin sözlərinə görə, Rusiyanın əczaçılıq şirkətlərinin təmsilçiləri artıq Bakıda da olub və Azərbaycan Səhiyyə Nazirliyinin, həmçinin yerli şirkətlərin nümayəndələri ilə görüşlər keçiriblər.
“Rusiyada istehsal olunmuş dərman preparatlarının ən geniş çeşiddə Azərbaycana ixracı barədə razılıq əldə olunub” - deyə Eldar Tlyabiçev bildirib.
O, əlavə edib ki, Rusiya Azərbaycanda dərman istehsalına başlamaqda da maraqlıdır: “Lakin bu ideya Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun Azərbaycana gözlənilən səfəri zamanı daha ətraflı şəkildə müzakirə olunacaq. Bu haqda yalnız bundan sonra konkret danışmaq olar. Nazirin səfərinin vaxtı hələ dəqiqləşdirilməyib. Amma Manturov Azərbaycana yaxın vaxtlarda gələcək. Səfər zamanı Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında müvafiq anlaşmanın imzalanacağı gözlənilir”.
Mənbə:> Trend