Oliqarxların “Park Bulvar”dakı mağazaları bağlanır
Gündəmdə olan əsas məsələlərdən biri də bir sıra iri iş adamlarının həbs olunmasıdır. Oliqarxlar dövlətin 6 milyard manatadək pulunu mənimsəyiblər. Bu səbəbdən 100-ə yaxın oliqarx, məmur istintaqa cəlb olunub, bəzilərinin haqqında artıq cinayət işləri də açılıb.
Məlumata görə, oliqarxlar sahib olduqları mülkləri dəyər-dəyməzinə sataraq borclarını qaytarmaq üçün hərəkətə keçiblər. Həmçinin onlar mağazalarındakı bahalı malları da ucuz qiymətə satdırırlar. Həmin ticarət mərkəzlərində çalışan işçilərin çoxu uzun müddətdir ki, maaşlarını da ala bilmir.
Milli Parkda yerləşən "Park Bulvar" ticarət mərkəzində də hazırda həbsdə olan bir neçə biznesmenin mağazaları olduğu bildirilir. Hazırda həmin mağazalarda geyim malları endirimlərlə, "su qiymətinə" satılır.
Məlumatı dəqiqləşdirmək üçün adıçəkilən ticarət mərkəzində olduq. "Park Bulvar"ın 1, 2-ci mərtəbələrində əsasən geyim malları satılan mağazalar yerləşir. Elə içəri daxil olarkən 1-ci mərtəbədə yerləşən iki mağazanın bağlanmasının şahidi olduq. Üzərində "Mağazanın daşınması ilə əlaqədar olaraq son endirim" sözləri yazılsa da, həmin mağazalar bağlı idi. İçəridə bundan öncə hansı malların satıldığını müəyyənləşdirməyə çalışsaq da, heç bir nəticə çıxarda bilmədik.
"Girandola" uşaq geyimləri mağazasında 70 %, "Manqo", "İnci", "Karen Millen" kimi brend ayaqqabı və geyimlərin satıldığı mağazalarda mayın 15-dən 50-40 % endirimlər var idi. Bəzi mağazaların üzərində endirim olduğu qeyd edilməsə də, malların əksəriyyəti yarı qiymətlə satılır. Endirim tarixlərinə baxdıqda ucuzlaşmanın daha çox may ayının ortalarına təsadüf etdiyinin şahidi olduq.
Lakin bəzi mağazalarda endirim hiss olunmurdu. Məsələn, Türkiyənin "Koton" firmasına məxsus mağazada yalnız bir-iki qış geyimləri ucuz qiymətə satılırdı. Buradakı mallar orta hesabla 30 manatdan başlayan qiymətlərlə təklif olunurdu.
Mərkəzin 2-ci mərtəbəsində də bağlı mağazaya rast gəldik. Bu mərtəbədə daha çox ziyafət geyimləri və aksesuarlar satılan mağazalar fəaliyyət göstərir. Ziyafət geyimlərinin qiymətləri 300 manatdan başlasa da, satıcılar malların üzərində olan qiymətlərin yarısı qədər endirimlər təklif edirdilər. Aksesuarların satışında isə çox az - 25 %-ə qədər ucuzlaşma var idi.
Mənbə:> Musavat.com