Bakıda saxta endirim kampaniyası
Azərbaycanda istehlakçıların çaşdırılması hallarının qarşısı alınır.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev 19, məhəllə 520, mərtəbə 1 ünvanında fəaliyyət göstərən fiziki şəxs Ağayev Ceyhun Tahir oğluna məxsus mağazada qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, satışda olan bütün mallara 70%-ə qədər endirim tətbiq edilməsi barədə mağazanın vitrin pəncərəsində reklam yayımlansa da, mağazada satışda olan malların qiymətlərinə endirimin tətbiq edilmədiyi aşkar olunub.
Bundan başqa, qeyd olunan reklamların aidiyyəti strukturlardan icazə alınmadan yayımlandığı da müəyyən edilib.
Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən görülmüş tədbirlər nəticəsində qanunsuz reklamların yayımı dayandırılıb.
Qanun pozuntusuna yol vermiş fiziki şəxs C.Ağayev barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Mənbə:> ANSPRESS