Borclu oliqarxın elit ticarət mərkəzində endirim var, amma...
Virtualaz.org saytının əməkdaşları bu gün sözügedən mağazada olublar.
Mağazanın qarşısında mallara 60 faiz endirimlər tətbiq edildiyinə dair elan vurulub. Lakin elanlarda deyildiyi kimi, bütün mallara 60 faiz endirim tətbiq edilmir. Mövsümi geyimlərə, aksessuar və ayaqqabılara 20-30 faiz endirim tətbiq olunub. Yalnız qış geyimlərinə 60 faizə qədər endirim var.
Saytın əməkdaşları brend malların qiyməti ilə maraqlanıblar. Bəlli olub ki, mağazada satışa çıxarılan ayaqqabıların satış qiyməti endirimdən sonra 850 manatdan başlayır. Burada 2000 manata qədər qiyməti olan ayaqqabılar satılır. Çanta və şlyapaların qiyməti də fərqli deyil - bu malların qiyməti 800-1500 manat arasında dəyişir.
Paltarlara gəldikdə isə qiymətlər 2000 manatdan başlayır. Mağazada məşhur Avropa brendləri olan geyim satılır. Bu ilin dəbinə uyğun geyimlərin qiyməti 5000 manata qədərdir.
Geniş məlumat verməyə o qədər də həvəsli olmayan və mağazada fotoçəkiliş aparmağa icazə olmadığını deyib buna imkan verməyən satıcılar endirim elanından sonra alıcıların artdığını bildirdilər. Lakin müşahidə etdiyimiz vaxtda gələnlərin endirimdən sonrakı qiymətlərlə sadəcə maraqlandığının şahidi olduq.
Qeyd edək ki, mallara böyük endirim tətbiq edilməsi rəhbərliyin nağd pula kəskin ehtiyacının yaranması ilə izah olunurdu. Yada salaq ki, “Globus Plaza”nın sahibi olan keçmiş deputat Dünyamin Xəlilov bir neçə gün əvvəl hüquq-mühafizə orqanları tərəfindən saxlanılmışdı. İlkin məlumata görə, D.Xəlilov banklardan öz əməkdaşlarının adına bir neçə milyon manatlıq kredit götürməkdə ittiham olunur.
Britaniyanın məşhur “Harvey Nichols” brendi Bakıda yeddi mərtəbədən ibarət ticarət mərkəzini martda istifadəyə verib. “Harvey Nichols” bundan əvvəl Türkiyə, Honkonq, Səudiyyə Ərəbistanı, Küveyt və Dubayda öz alış-veriş mərkəzlərini açıb.
“Harvey Nichols” mərkəzində dünyanın məşhur geyim və aksessuar brendlərinin mağazaları, restoranlar, gözəllik salonları fəaliyyət göstərir. Ticarət mərkəzində dünyanın 500-dən çox brendinin məhsulları satılır.
“Globus Plaza” ticarət mərkəzini bir vaxtlar adı Beynəlxalq Bankdan 250 milyon dollar kredit alıb geri qaytarmamaqda hallanan və bu işlə bağlı saxlanılan iş adamı Xaqani Bəşirovun şirkəti inşa edib.
Mənbə:> Virtualaz.org