Azərbaycanda yeni fond yaradılır
Azərbaycanda Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondu yaradıla bilər.
Oxu.Az xəbər verir ki, bu gün Ankarada Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSMN) naziri Səlim Müslümov və türk həmkarı Faruk Çelik arasında imzalanan əmək, sosial müdafiə, məşğulluq istiqamətlərini nəzərdə tutan Protokolda adıçəkilən məsələ yer alıb.
Protokolda tərəflərin əmək münasibətləri, məşğulluq, sosial müdafiə sahələrindəki qanunvericilik və onun tətbiqinə dair dəyişikliklərlə bağlı bir-birlərini məlumatlandırmaqda davam edəcəkləri bildirilir.
Qeyd edək ki, sənəddə əmək və məşğulluğa dair qanunvericilik və onun tətbiqi, əmək fəaliyyətinin rəsmiləşdirilməsi formaları, qeyri-leqal məşğulluğun azaldılması sahəsində tədbirlər, üçtərəfli komissiyanın yaradılması, peşə bacarıqlarının artırılması, əməyin mühafizəsi və təhlükəsizliyi sahəsində mövcud vəziyyətin tədqiqi, əməyin mühafizəsi normaları və standartları üzrə milli informasiya sisteminin yaradılması, əmək miqrasiyası proseslərinin tənzimlənməsi, sosial sığorta sisteminin təkmilləşdirilməsi və digər sahələrdə məlumat, təcrübə və mütəxəssis mübadiləsinin aparılması əksini tapır.
Mənbə:> Oxu.Az