Azərbaycan MDB məkanında birincidir
Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Fransa nümayəndə heyətini qəbul edib.
ANS PRESS-in AMB-yə istinadla verdiyi məlumata görə, Elman Rüstəmov Fransanın İqtisadiyyat, sənaye və rəqəmsal nazirliyinin maliyyə və iqtisadi məsələlər üzrə nazir müşaviri Daniyel Metrin rəhbərlik etdiyi, Fransanın Azərbaycandakı səfirinin də daxil olduğu nümayəndə heyətini qəbul edib.
Görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib. Son 10 ildə Azərbaycan iqtisadiyyatının davamlı artımı, müşahidə olunan aşağı inflyasiya dərəcəsi, xarici borcun bir rəqəmli olması və eləcə də Qlobal Rəqabətlilik İndeksində ölkənin MDB məkanında 1-ci, dünya üzrə isə 38-ci yeri tutması görüş iştirakçılarının diqqətinə çatdırıb.
Perspektivdə resurslardan asılılığın aradan qaldırılması, iqtisadiyyatın şaxələnməsi, investisiya bazarlarında iştirak imkanlarını qeyd edən E.Rüstəmov, Azərbaycanın daha rəqabətli ölkəyə çevrilməsi potensialı haqqında məlumat verib.
Bank sektorunda kapitalın artım tələbi və kommersiya banklarının bu istiqamətdə əldə etdiyi nəticələrə toxunan E.Rüstəmov qeyd edib ki, burada məqsəd tənzimləyici tədbirlər vasitəsilə bank fəaliyyətinin dayanıqlığını təmin etməkdir.
Öz növbəsində Daniyel Metr son dövrlərdə ölkəmizdə müşahidə olunan iqtisadi artımı, makroiqtisadi və maliyyə sabitliyini müsbət dəyərləndirib. O, Mərkəzi Bank tərəfindən sözügedən sahədə aparılan siyasəti yüksək qiymətləndirərək tətbiq olunan yanaşma ilə tam razı olduğunu bildirib.
Görüşdə həmçinin monetar siyasət, bank sektorunun inkişafı və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Mənbə:> ANSPRESS