Şah Səba sərmayə istəyir
Əfqanıstan özünün infrastruktur, neft-qaz hasilatı, eləcə də təbii qazdan elektrik enerjisi istehsalında Azərbaycan sərmayəsini görmək istəyir. AzNews.info-nun məlumatına görə, bunu Trend-ə Əfqanıstanın dağ-mədən və neft sənayesi naziri Daud Şah Səba Bakıdakı danışıqları şərh edərkən bildirib.
Azərbaycanın qeyd olunan sahələrdə böyük təcrübəyə malik olduğunu deyən əfqanıstanlı nazir ölkəsinin neft, qaz və digər təbii sərvətlərinə maraq göstərən azərbaycanlı investorları Əfqanıstana dəvət etdiyini vurğulayıb: “Biz regionda resurslarla ən zəngin olan ölkəyik. Təbii sərvətlərin öyrənilməsi baxımından Əfqanıstanın böyük potensialı var”.
Onun sözlərinə görə, Əfqanıstanda bu istiqamətdə ən böyük üstünlük odur ki, rəqabət zəifdir və sərmayədən böyük gəlir əldə etmək olar: “Biz Türkmənistandan Xəzər dənizi ilə Gürcüstan və Türkiyəyə olan marşrutların istifadəsində maraqlıyıq. Düşünürəm ki, buna hər iki ölkə maraqlıdır”.
Əfqanıstan prezidentinin MDB ölkələri üzrə xüsusi nümayəndəsi Muhammed Şaker də öz növbəsində Azərbaycana səfərin nəticələrini müsbət dəyərləndirib və yaxın zamanda konkret məsələlər üzrə işlərin başlayacağını qeyd edib: “Biz həmçinin Azərbaycanla Əfqanıstanda terminal tikintisinə dair danışıqlar aparırıq. Söhbət Əfqanıstanın Türkmənistanla sərhədində “Turqundi” və ölkənin şimalında “Akina” terminallarının inşa edilməsindən gedir.
Mənbə:> Trend