Neft Fondu gəlir və xərclərini açıqlayıb
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il ərzində büdcə gəlirləri 17 614,1 milyon manat, büdcə xərcləri isə 11 455,6 milyon manat təşkil edib.
Bu barədə Fondun mətbuat xidmətinin məlumatında deyilir.
2018-ci il ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 17 433,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 16 645,6 milyon manat, bonus ödənişləri 765,2 milyon manat, akrhesabı ödənişləri 4,1 milyon manat, tranzit gəlirləri 18,1 milyon manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 181,1 milyon manata bərabər olub.
2018-ci il ərzində ARDNF-nin 2018-ci il büdcəsinin icrası çərçivəsində 10 959,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 200 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 90 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 176,1 milyon manat vəsait ayrılıb. 7,2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. 2018-ci il ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 23,3 milyon manat təşkil edib.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 1 557,3 milyon manat təşkil edib.
2019-cu il yanvarın 1-ə Fondun aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 milyon ABŞ dolları) nisbətən 7,56% artaraq 38 515,2 milyon ABŞ dollarına bərabər olub. Aktivlərin artımı Fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri hesabına olub.
Mənbə:> Oxu.Az