ARDNF-in gəlirləri 2,4 dəfə artacaq
İcmal büdcəyə daxil olan Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcəsinin gəlirləri 8 mlrd. 370,6 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı illə müqayisədə 4 mlrd. 889,1 mln. manat və yaxud 2,4 dəfə çoxdur.
Aznews.info APA-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın 2017-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilib.
Qeyd olunan məbləğin 7 mlrd. 550,7 mln. manatı və ya 90,2%-i mənfəət neftinin və qazın satışından daxilolmalar təşkil edir.
Fondun 2017-ci il üçün büdcəsinin xərcləri 6 mlrd. 951,3 mln. manat təşkil edəcək ki, bu da 2016-cı illə müqayisədə 3 mlrd. 685 mln. manat və yaxud 34,6 % azdır.
Fondun xərclərinin 6,1 mlrd. manatı və yaxud 87,8%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 822 mln. manatı və yaxud 11,8 %-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, Cənubi Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payı), 29,3 mln. manatı və yaxud 0,4%-i 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə və Dövlət Proqramları"nın maliyyələşdirilməsinə yönəldiləcək.
Mənbə:> APA