Azərbaycanın dövlət büdcəsi yenidən kəsirlə icra olundu
2015-ci ilin yanvar-may aylarının yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin defisiti (kəsiri - red.) 905,8 milyon manat (ÜDM-in 4,2%-i) təşkil edib, halbuki ötən ilin analoji dövründə dövlət büdcəsi 654,5 milyon manat profisitlə icra olunmuşdu.
AzNews.info xəbər verir ki, bu barədə Trend-ə ölkə hökumətindən bildiriblər.
Üç ay ardıcıl olaraq dövlət büdcəsi proqnozları kəsirlə icra olunur.
Yanvarda dövlət büdcəsinin profisiti 421,6 mln. manat və ya ÜDM-in 11,6%-ni təşkil etmişdi. Ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 16,9 dəfə artıb. Yanvar-fevralda büdcə 80,1 milyon manat profisitlə icra olunmuşdu ki, bu da ötən ilin analoji dövründən 61,8% çox idi. Yanvar martda büdcə 251 milyon manat defisitlə icra olunduğu halda, ötən ilin analoji dövründə bu rəqəm 108,4 mln. manat profisit, yanvar-apreldə isə ötən ilin 402,6 milyon manat profisitinə qarşı 822,5 milyon manat defisitlə icra olunub.
2015-ci ilin 5 ayı ərzində Azərbaycanın dövlət büdcəsinin gəlir hissəsinə faktiki daxilolmalar 6,42 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,9% azdır. Dövlət büdcəsinin xərcləri isə 0,5% azalma ilə 7,33 mlrd. manat təşkil edib.
Qeyd edək ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19,438 mlrd. manat, xərcləri isə 21,1 mlrd. manat səviyyəsində təsdiqlənib. Neftin büdcə proqnozları bir barelə görə 90 dollar əsasında hesablanıb.
Mənbə:> Trend