Səlim Müslümovdan miras qalan daha bir yarımçıq layihə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Səlim Müslümovdan miras qalan daha bir yarımçıq layihə

Səlim Müslümovdan miras qalan daha bir yarımçıq layihə


Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ildən başlanıb.

Yardımın orta aylıq məbləği 119 manat təşkil edirdi. Nazirlər Kabinetinin sosial yardımla bağlı qaydalarında deyilir ki, müraciətdən əvvəlki son 1 il ərzində orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarından aşağı olan ailələr sosial yardım ala bilər. Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının yuxarı həddi 116 manat məbləğində müəyyən edilib. Yardımın məqsədi odur ki, ailə aztəminatlı kateqoriyasından çıxmaq imkanı qazansın.

Qeyd edək ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirmişdi ki, yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur.O, qeyd etmişdi ki, bununla bağlı ünvanlı sosial yardım alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb: "Bu proqramların icrası məqsədilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”. Sabiq nazir onu da qeyd etmişdi ki, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Ümumiyyətlə,sabiq nazirin dediklərinə inansaq, Azərbaycanda ailədə əmək qabiliyyəti olan şəxs işsiz qalmayacaq.

Bu proses tam başa çatdıqdan sonra ünvanlı sosial yardım ləğv ediləcək. Sadəcə, ailədə əmək qabiliyyəti olmayanlara dövlət yardımı veriləcək. Belə ailələrə dövlət yaşayış minimumumdan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirəcək və yardım ediləcək.

Xatırladaq ki, bu məqsədlə ötən il bəzi rayonlarda birdəfəlik sosial yardımın verilməsinə başlanıldığı barədə məlumatlar yayıldı. Belə ki, rayonlarda fərdi təsərrüfatların qurulması ilə əlaqədar pilot layihələr həyata keçirilirdi. Layihə ilk olaraq Göyçayda tətbiq olundu. Sonradan sözügedən pilot layihənin bütün rayonlara tətbiq edilməsi deyilsə də, lakin hələ də icrası gecikir. Bəzi hökumətyönlü deputatlar bu layihənin həyata keçirilməsini təqdirəlayiq hal hesab edirdilər. Onların fikrincə, yeni layihənin fəaliyyətə başlaması insanları ələbaxımlılıqdan kənarlaşdıracaq, onlara fərdi təsərrüfatlar yaratmaqda kömək olacaq. Eyni zamanda,insanların həm işlə təminatı, həm də sosial yardım məsələsi həllini tapmış olacaq.

Bəs ötən müddət ərzində nazirdən başqa nə dəyişib? Bu sahədə hansı yeniliklər olub və gözlənilir?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə bildirib ki, sosial müavinətlərlə özünüməşğulluq layihələrinin təyinatı fərqlidir:"Ötən il bəzi rayonlarda fərdi təsərrüfatların qurulması ilə əlaqədar pilot layihələr həyata keçirildi.Amma nazirlik bu layihənin nəticələri barədə hesabat açıqlamayıb. Ümumiyyətlə, həm sosial müavinətlərin verilməsi, həm digər müavinətlər, o cümlədən, özünüməşğulluq layihələri cəmiyyətdə aztəminatlı əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.

Sosial müavinətlər sabit ödəmədir, konkret məqsədi aztəminatlı ailələri maddi yardımla təmin etməkdir. Başqa perspektivi yoxdur. Özünü məşğulluq layihələri Şərqi Avropada 30 il bundan öncə uğur qazanmış proyektlərdir. Hətta bir sıra kasıb ölkələrdə də bu proqram tətbiq olunur. Azərbaycanda da bunu pilot layihə kimi həyata keçirdilər. Nəticə bəlli olmasa da, layihənin həyata keçirilməsi haqda bəzi informasiyalar var. Bu layihə üçün potensial işsizlər olmalı və onların da içərisindən kimə gəldi şamil olunmamalıdır.

Bu ilkin kapital o ailəyə verilməlidir ki, həmin vəsaiti dövr etdirərək gəlir gətirə bilsin. Yəni, elə əhali qrupu seçilməlidir ki, verilən kapital ştrixə çevrilsin. Üstəgəl, həmin ailələr üçün müxtəlif maarifləndirmə işləri aparılmalıdır. Əgər bütün seçimlər düzgün aparılarsa, layihənin gələcək perspektivi mütləq olacaq”.

Ekspertin sözlərinə görə, sözügedən pilot layihələr isə heç də uğurlu formada həyata keçirilmir: "Daha əvvəl sosial müavinətlər, eləcə də birdəfəlik yardımlar rüşvət və tapşırıq müqabilində verilirdi. Bu məsələlər olduğuna görə o layihənin uğur qazanması mümkün deyil. Ümumiyyətlə, həmin pilot layihə Azərbaycanın şəraitinə uyğun deyil. Çünki ölkədə korrupsiya və rüşvətxorluq var. Çox güman ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hesabatlarında həyata keçirdiyi pilot layihənin nəticələrini elan edəcək. Yalnız bu hesabatdan sonra bizim həmin pilot layihəni təhlil etməyə geniş imkanımız olacaq. Amma əldə etdiyim məlumatlara görə, nazirlik həmin layihəni lazımınca həyata keçirə bilməyib”.

Mənbə: Qaynarinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *