Sosial yardım əlçatmaz olur: YENİLİK
“Ünvanlı dövlət sosial yardımı haqqında” qanunda dəyişiklik edilib.Belə ki, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınan şəxslər sosial yardım almaq hüququna malik olacaq.Bununla bağlı sözügedən qanunun 3-cü maddəsinə (sosial yardım almaq hüququ olan ailələr) dəyişiklik təklif edilir.Dəyişikliyə görə, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malik olacaq.
Qeyd edək ki, ötən il yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulurdu. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanıldığı bildirilmişdi. 2016-cı ildə özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edirdi. Ardınca 2018-ci ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsinə və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılması nəzərdə tutuldu. Bu yolla ailə tərkibində əmək qabiliyyəti olan insanları özünüməşğulluq sisteminin tətbiqinə hamının işlə təmin edilməsi qarşıya məqsəd kimi qoyuldu.Bununla da ələbaxımlılıq aradan götürüləcək və ünvanlı sosial yardım ləğv ediləcək.Sadəcə, ailədə əmək qabliyyəti olmayanlara dövlət yardımı veriləcək.Belə ailələrə dövlət yaşayış minimumundan yuxarı miqdarda orta bir məbləğ müəyyənləşdirərək yardım verəcək.
Amma görünən odur ki, sözügedən qanunun ləğvindən söhbət getmir və icrası üçün daha geniş imkanlar açılır.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda əhalinin sosial vəziyyəti doğrudan da gərgindir. Əhalinin gəlirləri kifayət qədər aşağı düşüb:
“Azərbaycan hökuməti bu gəlirlərdən danışanda yalnız nominallarla danışır. Məsələn, əhalinin hansısa dövr ərzində gəlirləri 10 dəfə artıb.Dəfələrlə belə rəqəmlər üzərində oynayırlar.Əslində 10 dəfə artan əməkhaqqı real olaraq dəyərini çoxdan itirib.Azərbaycan hökuməti bunu özü də yaxşı başa düşür.
Qeyd edilən ələbaxımlılıq məsələsi bir sıra mütəxəssislərin ortaya atdığı bir bəhanə idi ki, əhali sosial yardımdan məhrum edilsin və bununla da büdcə bu xərclərdən azad edilsin.Hər halda Azərbaycan hökuməti bəyanatlarında saxta və şişirdilmiş rəqəmlərlə danışsa da yəqin ki, ölkə iqtisadiyyatı olaraq real rəqəmlər bəllidir. Bilirlər ki, nə var, nə yox... Hətta bir müddət bu məsələ dövriyyəyə buraxılandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən açıqlama gəldi ki, heç də sosial yardım ləğv edilmir.İndi də onun ardınca belə bir bəyanat verirlər ki, sosial yardım alanların siyahısı genişləndirilir.Yəni işsizlərin də sosial yardım almaq hüququ yaranacaq.Amma bu çox məhdud dairədir”.
Ekspert əlavə edib ki, əslində bu gün Azərbaycanda ünvanlı sosial yardımla bağlı ciddi problemlər var:
“Sosial yardıma düşən ailələr aylarla süründürülür. Müxtəlif yalan bəhanələrlə, heç bir səbəb olmadığı halda göydəndüşmə bir səbəb üzündən yardımın verilməsindən imtina edirlər.Real olaraq bu sahədə vəziyyət belədir.Digər tərəfdən isə sosial yardımın siyahısı genişləndirilir.Bu ilin 3 ayında ünvanlı sosial yardım alanların 90 faizindən imtina edilib.Hesab ediəm ki, bu gün Azərbaycanda ünvanlı sosial yardımın digər şərtləri də dəyişdirilməli, parametrləri yumşaldılmalıdır.Azərbaycanda bir aya bir nəfər 130 manata yaşaya bilərmi?Yəni sosial yardımın ehtiyac meyarı yüksəldilməlidir, tələb olunan sənədlərin sayı azaldılmalıdır.Kommunal xidmətlərin dəyəri barədə informasiyalar, vətəndaşların telefon danışıqlarına görə ödənişləri tələb edilməməlidir.Dünyanın inkişaf etmiş ölkələrində sosial yardıma görə vətəndaş müraciət etmir.Dövlət öz vətəndaşlarının gəlir və xərclərini hesablayır.
Heç vətəndaşın xəbəri olmadan özü müəyyən edir ki, filan ailəyə bu qədər sosial yardım verilməsi lazımdır.Bunun üçün ölkə iqtisadiyyatında kölgə iqtisadiyyatı tamamilə aradan qaldırılmalı, vətəndaşların gəlirləri şəffaflandırılmalıdır.Azərbaycan bu mərhələyə çatana qədər xeyli inkişaf etməlidir.Amma bu günü üçün hökumət sosial yardımı əlçatmaz edib.Qanunda nə qədər dəyişiklik edirlərsə-etsinlər, onsuz qanun işləmir”.
Mənbə:> Cümhuriyət