Bakıda keçirilmiş hərracda avtomobil 4700 manata satıldı
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.
Komitədən verilən məlumata görə, hərracda ümumilikdə 21 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisə və obyekti, 5-i nəqliyyat vasitəsi, 1-i yarımçıq tikili, 12-si isə qeyri-yaşayış sahəsidir.
Kiçik dövlət müəssisə və obyektləri Gəncə şəhərində, Yardımlı və Beyləqan rayonlarında, qeyri-yaşayış sahələrinin 1-i Sumqayıt şəhərində olmaqla digərləri Bakının Suraxanı, Sabunçu, Nəsimi, Nərimanov, Qaradağ və Xətai rayonlarında yerləşir.
Ümumi faydalı sahəsi 647 kv.m olan Yardımlı şəhərində yerləşən Əmlak kompleksi investor tərəfindən 32 min 500 manat ödəməklə özəlləşdirilib. Hərracda özəlləşdirilən digər kiçik dövlət müəssisəsi isə Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən, ümumi faydalı sahəsi 47 kv.m olan 32 saylı mağazadır.
Ümumi faydalı sahəsi 126 kv.m olan Beyləqan şəhərində yerləşən 7 saylı xırda topdansatış müəssisəsi sifarişçi tərəfindən 4 min manata özəlləşdirilib.
Özəlləşdirilən qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 12 kv.m - 419 kv.m aralığındadır. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən ümumi faydalı sahəsi 419 kv.m olan qeyri-yaşayış sahəsi 210 min manata özəlləşdirilib.
Bundan başqa, hərracda Almaniya, Rusiya, İtaliya istehsalı olan nəqliyyat vasitələri üstünlük təşkil edib. Bunlardan “BMW”, “Fiat” kimi avtomobilləri qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi 2003-2008 illəri əhatə edir. Alıcılar arasında olan yüksək maraq və rəqabət nəticəsində ilkin qiyməti 2 min manata qədər olan QAZ 31105 və VAZ 21213 markalı avtomobillərin qiyməti 2 dəfədən çox artaraq hər biri 4 min 700 manata satılıb.
Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac 27 iyun tarixində keçiriləcək. Prosesə investorları cəlb edə biləcək 114 dövlət əmlakı çıxarılıb. Bunlardan 24-ü səhmdar cəmiyyəti, 23-ü qeyri-yaşayış sahəsi, 31-i kiçik dövlət müəssisə və obyektləri, 36-sı isə nəqliyyat vasitəsidir.
Mənbə:> Virtualaz.org