Daha 17 dövlət əmlakı özəlləşdirildi
Əmlak Məsələləri Dövlət Komitəsinin bu gün keçirdiyi hərracda 17 dövlət əmlakı özəlləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, bunlardan 5-i kiçik dövlət müəssisəsi, 12-si isə qeyri-yaşayış sahəsidir. Komitədən bildirilib ki, elektron hərracların tətbiqi özəlləşmədə aktivliyi yüksəldərək investor marağını daha da artırıb: "Belə ki, budəfəki hərracda rayon sakinlərindən biri onlayn hərraca qoşulmaq imkanından yararlanıb. Vətəndaşın onlayn qoşulduğu hərracda isə rəqabət müşahidə edilib. Başqa sözlə, Gəncə şəhərinin Nizami rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında təkliflər ard-arda səsləndirilib. Belə ki, ümumi faydalı sahəsi 10 kv.m-ə yaxın olan əmlakın ilkin start qiyməti 3 min manat olmasına baxmayaraq 8 min 500 manata sahibini tapıb. Bundan başqa, Bakının Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da eyni tendensiya müşahidə edilib. ilkin start qiyməti 1750 manat olan adı çəkilən əmlak ən son 1920 manata özəlləşdirilib. Həmin əmlakın ümumi faydalı sahəsi isə 18 kv.-ə yaxındır".
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri regionlarda müvafiq olaraq Gəncə, Yevlax, Şəmkir, Zərdab və Xaçmazda yerləşir. Həmin əmlaklar xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 226,5 kv.m olan Yevlax şəhərində yerləşən 50 saylı mağaza və Gəncə şəhərində olan 282/45 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşən “Şəmkir yay kinoteatrı” da sahibi üçün xidmət sahəsində gəlirlidir. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 450 kv.m-dən çoxdur. Qeyd edək ki, obyektin torpaq sahəsi ilə birgə özəlləşdirilməsi əmlakın əlverişliliyini daha da artırır.
Qeyri-yaşayış sahəsi üzrə özəlləşən əmlaklardan 9-u Bakının Suraxanı, Binəqədi, Nərimanov, Yasamal və Nəsimi rayonlarında, digərləri isə Gəncə, Göyçay, Ucarda yerləşir. Nəsimi rayonunda yerləşən, ümumi faydalı sahəsi 55 kv.m-ə yaxın olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanovda yerləşən ümumi faydalı sahəsi 200 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Qeyd edək ki, hərracda müxtəlif iqtisadi sahələrə aid olan səhmdar cəmiyyətləri də özəlləşdirilir. Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri sahibini tapır. Özəlləşən nəqliyyat vasitələri Avropa, Asiya, Amerika istehsalı olan avtomobillər üstünlük təşkil edir. Bunlara BMW, Fiat, “Chevrolet”, “Kia”, “Nissan” kimi avtomobillərini qeyd etmək olar. Həmin maşınların buraxılış tarixi isə müxtəlif illəri əhatə edir.
Mənbə:> Virtualaz.org