“Unibank” əhalini təşvişə salır: - Dollar “bahalaşdırılır”
“Unibank” əhali arasında dollar bahalaşacaq deyə ajiotaj yaradır. Bu iddia ilə bankın müştərisi Pərviz Şıxəliyev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib. O bildirib ki, “Unibank”dan FİFD nəzərə alınmadan illik effektiv 18 faizlə 1200 dollara yaxın kredit götürüb:
“Dolların məzənnəsi artandan sonra ödəməkdə çətinlik çəkirdim. İsmayıllı Rayon Məhkəməsinin qərarı ilə hər ay 50 manat kredit borcumu ödəyirəm. Bankın hüquqşünası ilə görüşdüm, razılıq əsasında kredit borcumu əməkhaqqına yönəltmədilər. Təxminən 1 aya yaxındır ki, “Unibank”dan zəng vurub təkidlə dollarla olan krediti manata çevirmək barədə təkliflər edirlər.
Bankın əməkdaşı krediti manata çevirərək, ayda 30-40 manat ödəməklə müştəriyə yaxşılıq etmək istəyirlər. Səbəbini soruşanda da, “Unibank” seçkidən sonra dolların bahalaşaraq, 2 manat 50 qəpik olacağını deyirlər. Hazırda kredit borcum 800 dollara yaxındır. Bilmirəm nə edim? Bank nə vaxtdan müştərinin halına yanan olub?”
Qeyd edək ki, dollar kreditinin manata çevrilməsi üçün 1.18 məzənnədən istifadə əslində, bank heç nə itirmir. Çünki yeni açılan kredit xəttinin üzərinə kredit faizləri və komissiya xərcləri əlavə olunur ki, bu da təxminən mövcud məzənnədən (1.70) heç də aşağı olmur.
Maraqlıdır, vətəndaş bu halda nə etməlidir? Ümumiyyətlə, bankın “dollar bahalaşacaq” deyə anons verməkdə məqsədi nədir?
“Cümhuriyət” qəzetinə açıqlamasında bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov vətəndaşa ona zəng vuran bank işçisinin səsini yazmağı tövsiyə edib: “Faktiki olaraq bank işçisi milli valyutanın devalvasiya anonsunu verir. Onlar əhali arasında ajiotaj yaradırlar. Bildiyim qədər banklar dollarla olan krediti milli valyutaya elə belə çevirmirlər. Banklar bu zaman kredit faizini artırırlar. Bir qayda olaraq tələb edirlər ki, müştərilər müəyyən məbləği qabaqcadan ödəsin. Dollarla olan krediti milli valyutaya çevirmək banklara o baxımdan sərf edir ki, faizləri çoxaldırlar. Müştəriləri isə devalvasiya ilə qorxudurlar. Adi halda müştərilər bankın bu təklifinə gedir”.
Hüquqşünas vətəndaşların gəlirlərinin milli valyutada olmasına da diqqət çəkib: “Əgər bank heç bir əlavə şərt irəli sürmürsə, yəni, kredit faizi eyni qalırsa və ilkin ödəniş tələb etmirsə, əlbəttə, müştəriyə kreditin milli valyutada olması sərf edir. Amma mən buna inanmıram. Son 3 ilin təcrübəsində də görmədim ki, hansısa bank dollar kreditini milli valyutaya çevirəndə ya faizi artırmasın, ya da müştərini müəyyən məbləği qabaqcadan ödəməyi tələb etməsin. Əgər 10 min dollar qalıbsa, banklar müştəriyə 2 min dolları qabaqcadan ödəməyi tələb edir”.
“İnanmıram ki, müştəri ilə yeni müqavilə imzalana və bankın burda heç bir çıxarı olmaya”...
Əkrəm Həsənovun qənaətincə, son günlər milli valyutanın devalvasiyası barədə əsassız ajiotaj var: “Banklar da bu ajiotajdan sui-istifadə edirlər. Hər bir hallarda vətəndaş dəqiqləşdirməlidir ki, əgər bank eyni şərtlərlə dollarla olan krediti milli valyutaya dəyişirsə, buna getmək olar. Amma inanmıram ki, müştəri ilə yeni müqavilə imzalana və bankın burda heç bir çıxarı olmaya, bu, qeyri-adi olar. “Unibank” kimi insanların qanını içən bankdan bu addımı gözləmirəm”.
Mənbə:> Cumhuriyyet.az