Dolların bahalaşma səbəbi açıqlandı
Bugünkü ticarət sessiyasında dolların məzənnəsi digər əsas dünya valyutalarına qarşı bahalaşacaq, çünki investorlar ABŞ Mərkəzi Bankı hesab edilən Federal Ehtiyatlar Sisteminin (FES) faiz dərəcələrini növbəti dəfə artıracağını gözləyir.
APA xəbər verir ki, sonuncu ticarət sessiyasında dollar Yaponiya yeninə qarşı 107,36 yen səviyyəsindən 107,62 yen səviyyəsinədək bahalaşıb. Avrozonanın vahid valyutası isə dollar qarşısında dəyər itirərək 1,2346 dollardan 1,2341 dollara qədər azalıb. Əsas valyuta səbətində dolların indeksi 0,01% artaraq 89,95 bəndinədək yüksəlib.
"Silicon Valley Bank”ın valyuta treyderi Min Tranqanın sözlərinə görə, valyuta bazarı iştirakçıları il ərzində faiz dərəcələrinin iki və ya üç dəfə artacağını proqnozlaşdırır. Analitik və treyderlərin fikrincə, ABŞ-da nisbətən müsbət iqtisadi şərtlər FES-in faiz dərəcələrinin bu il ən azı iki dəfə artmasını şərtləndirə bilər.
FES rəsmilərinin sonuncu açıqlamasında ABŞ-da iqtisadi aktivlik üzrə göstəricilərin müsbət olduğu bildirilib.
Aprelin 27-də bazar iştirakçıları ABŞ-da birinci rüb üzrə ÜDM göstəricisinin açıqlanacağı gözləyir. Ekspertlər düşünür ki, ÜDM 2,3% artıb.
Qeyd edək ki, martın sonunda FES uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,5%-dən 1,75%-dək yüksəldib. FES-in növbəti iclasının mayın 1-2-də keçiriləcəyi planlaşdırılır.
Mənbə:> APA