FES iyunda dolların bahalaşmasını mümkün sayır
Federal Ehtiyat Sisteminin (FES) rəhbərliyində təmsil olunan şəxslərin əksəriyyəti statistik göstəricilərin ABŞ-da makroiqtisadi vəziyyətin yaxşılaşmasını əks etdirəcəyi təqdirdə, iyunda keçiriləcək iclasda faiz dərəcələrinin artırmağa hazır olduqlarını bəyan ediblər.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə aprelin 26-27-də keçirilən iclasının protokolları açıqlanıb.
“Komitənin üzvlərinin əksəriyyəti bildiriblər ki, statistik məlumatlar II rübdə iqtisadi artımın sürətlənəcəyini, əmək bazarında vəziyyətin yaxşılaşacağını və inflyasiya həddinin 2%-lik hədəfi aşacağına işarə edəcəyi təqdirdə, federal kredit vəsaitləri üzrə faiz dərəcələrinin artırılması ağlabatan olacaq”, - protokolda deyilir.
Bununla yanaşı, protokolda qeyd olunub ki, FES-in rəhbərliyində təmsil olunan bəzi şəxslər iyunadək statistik göstəricilərin iqtisadiyyatda ümumi tendensiyalarla bağlı nəticə çıxarmağa imkan verməyəcəyindən ehtiyatlandıqlarını deyiblər.
Bazar iştirakçılarının 32%-i ABŞ-da faiz dərəcələrinin artırılacağı ehtimalının olduğunu deyir. Mayın 16-da bu göstərici 4% təşkil edirdisə, protokollar açıqlanana qədər bu ehtimal 16%-dək yüksəlib.
FOMC nümayəndələrinin bəziləri qeyd ediblər ki, bazar ümumilikdə iyunda faiz dərəcələrinin artımını gözləmir və belə addımın ehtimalını bazara aydın şəkildə çatdırılmasının vacibliyini bəyan ediblər.
Komitənin növbəti iclası iyunun 14-15-də keçiriləcək.
Mənbə:> Oxu.Az