Mübariz Mənsimov: Vahid Ələkbərov bizi 4 milyard dollar ziyana salıb
"Palmali Holding" ikinci dəfə "Lukoil" şirkətinin törəmə müəssisəsi olan "Litasco"nu məhkəməyə verməyə hazırlaşır. Şirkət 2 mlrd. dollar məbləğində təzminat tələb edir.
Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu "Palmali Holding"in rəhbəri Mübariz Mənsimov bəyan edib.
O bildirib ki, 2005-ci ilin yanvarın 18-də "Palmali Holding" və "Litasco" arasında 10+5 illik müqavilə imzalanıb: "Şərtlərə əsasən, "Palmali Holding" "Litasco"dan 440 mln. dollarlıq gəmi almalı idi. Lakin "Litasco" müqavilənin şərtlərini pozduğuna görə "Palmali Holding" 4 mlrd. dollarlıq zərərlə üzləşib".
M.Mənsimov 2015-ci ildə hər iki şirkətin yenidən danışıqlar masasına əyləşdiyini xatırladıb: "Lakin qarşı tərəfin irəli sürdüyü şərtlərin, müddəaların heç bir hüquqi əsası olmasa da, "Lukoil" qanunsuz əsasları birjaya qanuni kimi təqdim edib. Məqsəd "Litasco"nu yaxşı qiymətə satmaq, paralel olaraq şirkətin səhmlərinin ucuzlaşmamasına nail olmaq idi. "Palmali Holding" bəyan edir ki, yeni müqavilənin bəzi müddəaları qanunsuzdur, bu səbəbdən də biz "Litasco" ilə yeni müqavilə imzalamamışıq. London Ali Arbitraj Məhkəməsi daxil olan şikayət üzrə 8 ay ərzində araşdırma aparır. Bundan sonra, əgər ortada qanunsuzluq varsa, məhkəmə çəkişməsinin başlanmasına icazə verir".
İş adamı deyib ki, şirkətin təxminən 4 milyard dollar itkisi var. "Lukoil" ilə mübarizə addım-addım davam edəcək: " Şirkət müqaviləyə əsasən dəyən ziyanı ödəmək məcburiyyətindədir. 2010-cu ildə Xəzər dənizindən neft daşımaları ilə bağlı imzaladığımız "10+10" illik müqavilə birtərəfli olaraq dayandırılıb. "Lukoil"in törəmə şirkəti "Litasko"nu satmaq cəhdi bizə təsir etməyəcək. Bizə olan borcun ödənməsini tələb edirik".
Mənbə:> Oxu.Az