ABŞ-da gündəlik neft hasilatı sürətlə artır
ABŞ-ın gündəlik neft hasilatı 1-7 aprel həftəsində 36 min barel və ya 0,39% artaraq 9 mln. 235 min barelə çatıb.
AzNews.info-nun məlumatına görə, “Report” “Forexpf.ru” saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) tərəfindən rəsmi məlumat verilib.
Hesabatda həmçinin bildirilir ki, həftə ərzində ABŞ-ın neft ehtiyatları 2,2 mln. barel və ya 0,4% azalaraq 533,4 mln. barelə enib.
Neft ehtiyatlarının azalmasına baxmayaraq, investorlar ABŞ-da gündəlik hasilatın artmasından daha çox narahat olublar və nəticədə dünənki hərraclarda neft qiymətlərində azalma qeydə alınıb.
Belə ki, Brent markalı neftin qiyməti təxminən 2% ucuzlaşaraq 55,50 dollar/barelə kimi geriləyib.
“Report”un analitik qrupu bildirir ki, neft qiymətləri dünya neft ehtiyatlarında azalmanın davam etməsi fonunda artım tendensiyası göstərəcək.
OPEK ilin əvvəlindən başladığı hasilatın azaldılması proqramının tətbiqi ilə 2017-ci ilin ilk yarısında qlobal neft ehtiyatlarını 300 mln. barel azaltmağı hədəflədiyini bəyan edib.
Norveçin “SEB” bankının hesabatına görə, son 4 həftə ərzində qlobal neft ehtiyatları 42 mln. barel azalıb.
Mənbə:> Report