Bazarın uduzanları » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bazarın uduzanları

Bazarın uduzanları


Salman Məmmədov yenicə aldığı avtomobil ilə qəzaya düşür. Maşının bütün sənədlərinin qaydasında olduğunu, üstəlik könüllü sığortası olduğunu deyən qəhramanımız sığorta şirkətinə zəng edir. Ona dəyən ziyanın qarşılanacağını düşünən Salman sonda bunun belə olmadığını görür. O bildirir ki, sığorta şirkəti 2 min manatlıq ödəniş yerinə 300 manat pul ödəyə biləcəyini deyir. Bir neçə bəhanə gətirərək ödənişdən yayınmağa çalışan şirkət Salmanı çox çətin vəziyyətə qoyur. Nəticə etibarı ilə avtomobilini sığorta edərək irəli düşdüyünü zənn edən Salman qarşılaşdığı hadisə səbəbi ilə biraz da geri düşür. Azərbaycanda Salman kimi şəxslərin sayı isə təəssüfki az deyil.

Şübhəsiz Salmanın başına gələn hadisəni bir çox sürücü də təsdiq edə bilər. Sirr deyil ki, sığorta şirkətləri bəzi hallarda üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Bəs belə olan halda sürücü sığortaya niyə pul ödəməlidir? Avtomobillərin məcburi olaraq sığortalanması nə dərəcə düzgündür?

Əslində məcburi sığorta ölüm hadisəsi ilə nəticələnən yol nəqliyyat hadisələri ilə bağlı ödənişlərin verilməsi zamanı daha vacib rol oynayır. Həmçinin, qəza törədən şəxs qarşı tərəfə vurduğu ziyanı sığorta şirkətinin ödədiyi vəsait hesabına təmin edir. Ancaq bəzi hallarda sığorta şirkətlərinin ödənişlərdən yayınması sürücülərin inamını azaldır.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı isə bildirir ki, əksər hallarda sürücü avtomobilini sığortalayarkən xırda detallara diqqət yetirmir. Ancaq buna baxmayaraq sığorta şirkəti üzərinə düşən öhdəliyi yerinə yetirməkdə borcludur: "İcbari sığorta zamanı şirkətin imtina imkanı məhduddur. Yəni, vətəndaşın bütün hüquqları qanunla tənzimlənir və buna görə də, sığorta şirkəti özünə sərf edən müddənı müqaviləyə əlavə edə bilməz. Sığorta şirkəti üzərinə düşən bütün öhdəliyi yerinə yetirməyə borcludur. Əks təqdirdə vətəndaş maliyyə Nazirliyinə müraciət edir və əksər halda da bu müraciətlər təmin olunur. Bəzən isə vətəndaş səhlankarlıq edir və vaxtında sığorta şirkətinə müraciət etmir. Bu zaman isə mübahisəli vəziyyət yaranır", - deyə X.Məmmədxanlı söyləyib.

Mütəxəssis sığorta haqlarının yaxın müddətdə artırılacağını güman edir. O, bunu bahalı avtomobillərin çoxluğu və qəzalar zamanı dəyən zərərin yüksək olması ilə əlaqələndirir. Ekspert buna baxmayaraq hazırki ödənişlərin kifayət qədər olduğunu söyləyir: "İllər ötdükcə, avtobil vasitələrinin dəyəri artdıqca və yol nəqliyyat hadisələri zamanı maddi itkilər artdıqca müəyyən olunmuş 5000 manat zərərin ödənilməsinə bəs etmir. Ona görə də, belə bir məsələ gündəmə gətirilib. Bu sığorta məbləğinin artırılması planlaşdırılır və şübhəsiz ki, limit artacağı təqdirdə sığorta haqları da artacaq. Qəza zamanı vurulmuş ziyanın təxminən 10-15%-i 5 min manatlıq limiti ötür. Amma ümumi qəzaların statistikasına nəzərə salsaq görərik ki, 5 minlik vəsait dəyən ziyanın ödənilməsinə bəs edir. Qəza zamanı şəxslərə dəyən zərərə görə müəyyən olunan sığorta məbləği isə kifayət qədər aşağıdır. Bu məbləğin minimum 20-30 min manat civarına qaldırılmasına ehtiyac var".

Ötən il ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 931 min 464 müqavilə imzalanıb. 2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycanın sığorta şirkətlərinin AVSMMİS üzrə sığorta haqları ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz artaraq 70,69 milyon manat olub. Bu dövr ərzində ödənişlərin həcmi 26,8 milyon manat olub ki, bu da 2013-cü ilin eyni dövrünə nisbətən 5,9 faiz çoxdur.

Statistika göstərir ki, yığılmış sığorta haqlarının təxminən 35-40%-i vətəndaşlara ödənilir. Ancaq buna baxmayaraq bəzi hallarda vətəndaşların hüquqlarının pozulduğu hallar da olur.

Sığorta şirkətinin nümayəndəsi Orxan Hüseynov isə bildirir ki, yerli şirkətlərin yox, məhz vətəndaşların məlumatsızlığı səbəbindən problemlər yaranır. Şirkət nümayəndəsinin fikrincə müştəri hər zaman haqlı olmur: "Heç vaxt demirlər ki, sürücülük vəsiqəm olmadığı üçün vəya sərxoş olduğum üçün mənə sığorta şirkəti ödəniş etməyib. Müqavilə bağlanarkən müştəri şərtlərlə maraqlanmır, bəzi hallarda isə onun üçün maraqlı olmur. Sığorta şirkətlərinin qarşılaşdığı əsas problemlər banklardan alınan avtomobillərdə üzə çıxır. Çünki bank girovu sığortalayır deyə ümumi bir sığorta edir və müştəriyə təslim edir. Sonradan baş verən hansısa qəza zamanı isə ciddi problemlər meydana gəlir. Bu problemlərin əsas səbəbi bankların ötəri sığorta etməsi və müştərinin məlumatsızlığıdır".

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq xarici ölkələrdə sığorta şirkətləri ümumi portfelin 50%-dən çoxunu geri ödəniş edir. Azərbaycanda isə bu rəqəm heç 35-40%-ə çatmır. Mütəxəssislərin fikrincə məsələnin ən asan yolu dünyaya inteqrasiyadan keçir. Yəni beynəlxalq sığorta şirkətlərinin ölkədə fəaliyyət göstərməsinə şərait yaratmaq və bu bazarda rəqabət qabiliyyətini artırmaq lazımdır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *