Azərbaycanda səhər yeməyini qazanmaq üçün 1 saat işləmək lazımdır
Ekspertlər ümumdünya səhər yeməyi indekslərini tərtib ediblər.
Virtualaz.or xəbər verir ki, “Bloomberg”in araşdırmasına görə, dünyanın ən iri 129 şəhərində bir stəkan süd, bir yumurta, iki dilim çörək və hər hansı meyvədən ibarət olan səhər yeməyi üçün mütləq işləməlidirlər. Amma bunun üçün müxtəlif şəhərlərin əhalisinin iş saatı fərqlidir.
Tədqiqat zamanı məlum olub ki, ən asanlıqla başa gələn səhər yeməyini Birləşmiş Ərəb Əmirliyində yeyirlər. Burada səhər yeməyi gündəlik qazancın 0,93%-ni təşkil edir.
Əbu-Dabi, Osaka və Sürix sakinlərinin də səhər yeməyi asan başa gəlir. Bu şəhərlərin əhalisinin əksəriyyəti səhər yeməyini qazanmaq üçün cəmi 5 dəqiqə işləyirlər. Bu isə o deməkdir ki, onların səhər yeməyi gündəlik qazanclarının cəmi 1%-ni təşkil edir.
Araşdırma zamanı məlum olub ki, səhər yeməyini qazanmaq üçün ən çox işləyənlər arasında Venesuela sakinləri də var. Bu ölkənin paytaxtında əhali səhər yeməyini qazanmaq üçün 9 saat işləməlidir.
Bu yanaşmadan çıxış edərək, Azərbaycanda səhər yeməyini qazanmaq üçün əhalinin neçə saat işlədiyini araşdırdıq. Ölkədə orta aylıq əməkhaqqı 490 manatdır. Bunu iş saatına böləndə 1 saata təxminən 3 manat qazanırıq. Orta aylıq əməkhaqqı səviyyəsində maaş alan vətəndaş qəlyanaltıda yemək istəsə, bu, ona təxminən 3 manata başa gələ bilər (qayğanaq, 1 stəkan süd və ya çay, yağ-pendir və s). Belə nəticə çıxır ki, Azərbaycanda səhər yeməyini qazanmaq üçün orta hesabla 1 saat işləmək lazımdır.
Mənbə:> Virtualaz.org