Azərbaycanda İstirahət Üçün Ucuz Qiymətli 15 Hotel
Turizm mövsümü yaxınlaşdıqca artıq istirahət planları qurulmağa başlanıb. Devalvasiya nəticəsində xarici turlar bahalaşdığına görə, bu il ölkə daxilində istirahət edənlərin sayının artacağı gözlənilir. İndiyədək vətəndaşları yerli istirahət mərkəzlərindəki qiymətlər narahat edirdi. Amma artıq vəziyyət dəyişib – güclü sahibləri olan hotellərin müştəriləri qarət etdiyi dövrlər tədricən arxada qalır. Son vaxtlar Azərbaycanda daha ucuz və münasib şərtlərlə hotel tapmaq mümkündür. Bölgələrdə hətta 10-15 manatlıq qiymət təklif edən hotellər var. Fins.az bölgə otelləri arasında ən sərfəli variantları tapmağa çalışıb.
Nabranda “Atlant” İstirahət Mərkəzi – 15 manat
Azərbaycanın ən böyük və ən əyləncəli istirahət mərkəzi, Nabranda yerləşən «Atlant» İstirahət Mərkəzi bu mövsüm müştəriləri aşağı qiymətlərlə təəccübləndirəcək. Istirahət mərkəzindən verilən məlumata görə, may ayının sonuna kimi adambaşı qiymətlər 15 manatdır. 2 nəfərlik otağı sifariş etmək 30 manata, 4 nəfərlik otaq isə 60 manata başa gəlir. 6 yaşa qədər uşaqlara görə ödəniş edilmir. Belə ki, otaqlarda uşaqlar üçün əlavə çarpayı da yerləşdirilir. Bu qiymətə səhər yeməyi daxil deyil, onu da sifariş verənlər əlavə 5 manat ödəməli olacaqlar. Müştərilər bu qiymət müqabilində karusellərdən, tennis kortu, bilyard, futbol meydançasından və açıq havadakı trenajorlardan istifadə edə biləcək.
Qəbələdə “Karvan Hotel” 25 manat
Bahalı hotelləri ilə məşhur olan Qəbələdə ən ucuz hotel “Karvan Hotel”dir. Burada qiymətlər 25-70 manat arasında dəyişir. Bir nəfərlik 25 manat, 2 nəfərlik 40 manat, 3 nəfərlik 50 manat, 4 nəfərlik nömrə isə 70 manatdır. Hotelin rəhbəri Cavid Vahabov fins.az-a bildirib ki, bu qiymətə yalnız hoteldə gecələmək daxildir. Səhər yeməyi isə adambaşı 5 manata başa gəlir. Yəni, bir nəfərlik yeri səhər yeməyi daxil sifariş etmək 30 manatdır. Bütün nömrələrdə hamam və ayaqyolu, isitmə-soyutma sistemi, televizor və internet var. Hoteldə nahar və şam yeməyi sifariş etmək istəyənlər 2 növdə yemək üçün 10 manat ödəməli olacaqlar.
Xaçmazda “Turist” ailəvi istirahət mərkəzi- 20 manat
Xaçmazda münasib qiymət təklif edən digər obyekt «Turist» ailəvi istirahət mərkəzidir. istirahət mərkəzi mayın birindən etibarən sentyabr ayının 15-nə kimi fəaliyyət göstərir. Hotelin rəhbəri Naim Əhmədov fins.az-a bildirib ki, qiymətlər 20 manatdan başlayır. Səhər yeməyi daxil iki nəfərlik otaq sifariş etmək 40 manata başa gəlir. Gündə 3 dəfə yeməklə bu otağı 50 manata sifariş etmək olar. Böyüklər və uşaqlar üçün hovuzlardan istifadə pulsuzdur. Eyni zamanda bu qiymətə günün istənilən vaxtı pulsuz samovar çayı sifariş etmək də olar. Otaqlarda isə hər bir şərait var. Yəni, hamam, mövsümü işlədiyi üçün soyutma sistemi, televizor, soyuducu və internet də var.
Şəkidə “Qədim Karvansaray Hotel” – 15 manat
Şəkinin mərkəzində 300 illik tarixi olan “Karvansaray”da münasib qiymətə qalmaq olar. Hoteldən fins.az-a verilən məlumata görə, 2 nəfərlik standart nömrələr 30 manat, lyuks nömrələr 50 manat, 3 nəfərlik standard nömrələr 36 manat, lyuks nömrələr 60 manata başa gəlir. Lyuks nömrələrdə peyk antenalı iri televizorlar var. Bundan əlavə otaqlar və hamam standart otaqlara nisbətən daha genişdir. Hoteldə bir nəfər üçün qiymətlər isə 20 manatdır. Əlavə səhər yeməyi 5-6 manata, nahar və şam yeməyi isə menyudan aslı olaraq 10-15 manatdır.
“İlisu Pansionat Hotel” 15 manat
Daha bir ucuz hotel isə Qaxda İlisu Pansionat Hotelidir. Belə ki, bu hoteldə bir nəfərlik qiymət 15 manatdan hesablanır. Gündə 3 dəfə yeməklə hoteldə gecələmək isə adambaşı 30 manatdır. Hotelin rəhbəri Nizami Həşimov fins.az-a bildirib ki, hotel 2 mərtəbəli koteclərdən ibarət hoteldə 2-9 nəfərlik qrup və ailələr qala bilər. Səhər yeməyi sıyıq, yağ, pendir, bal, yumurta daxildir. Nahar və şam yeməyi isə bir həftəlik təkrar olunmayan ev yeməklərindən seçilir. Hotelin ərazisində xizək sürmək üçün 1 hektarlıq meydança da var.Turistlər adambaşı 2 manat olmaqla xizəyi kirayə götürərək bu xidmətdən pulsuz istifadə edə bilərlər. Eyni zamanda adambaşı 2-3 manat ödəməklə buradan dağ cığırlarına və meşəyə gəzinti də təşkil edilir.
Oğuzda “LT Hotel” -15 manat
Oğuzda istirahət etmək istəyənlər isə indiyədək o qədər də tanınmayan “LT Hotel”ə müraciət edə bilərlər. Bu hotel də qiymətlər baxımından ən ucuz hotellərdən hesab edilir. Belə ki, bir nəfərlik otaq 15 manat, 2 nəfərlik nömrələr 25 manat, 3 nəfərlik 40 manat və 4 nəfərlik nömrələr isə 60 manatdır. Hotelin rəhbəri Nihat Səmədov fins.az-a bildirib ki, səhər yeməyi sifarişi əlavə 5 manata başa gəlir. Məsələn, bir nəfərlik 20 manat, 2 nəfərlik nömrə üçün 30 manat. Bu qiymətə pulsuz parkinq də daxildir. Nahar və şam yeməyi sifarişi üçün müştərilərə salat və kabablar təklif edilir. Kabablar və 4 manat, salatlar 1,50 manatdır.
Şəkidə “Sahil hotel”- 10 manat
Şəkidə isə daha da ucuz hotel tapmaq mümkündür, məsələn, adambaşı 10 manata. «Sahil Hotel»də 2 nəfərlik nömrələr 20 manat, 3 nəfərlik nömrələr isə 30-40 manatdır. Hoteldən verilən məlumata görə, hər bir nömrədə hamam, isitmə-soyutma sistemi, hətta televizor və internet var. Sadəcə nömrələr köhnə təmirlidir. Əlavə səhər yeməyi isə adambaşı 2,5 manata başa gəlir. Yəni, iki nəfər üçün səhər yeməyi daxil qiymət 25 manat hesablanır. Hotelin restoranında isə Şəki mətbəxinə aid yeməklər 3-4,5 manat, salatlar 1-2 manatdır. Hotelin həyətində bərbərxana, çay evi, avtoyuma var. Hotel əlavə olaraq pullu evakuator xidməti də göstərir. Məsələn, Şəkidən Bakı avtombilin çatdırılması 200 manata başa gəlir.
Qubada “Terrace Quba Hotel” – 19 manat
Digər bölgələrlə yanaşı Qubada da nisbətən münasib qiymətə hotel tapmaq mümkündür. Məsələn, “Terrace Quba Hotel” müştərilərə adambaşı 19 manatdan hoteldə qalmağı təklif edir. Formalaşan ənənənin əksinə olaraq “Terrace Quba Hotel” bu qiymətə səhər yeməyini deyil, nahar yeməyini daxil edib. Hoteldə səhər yeməyi sifariş etmək 5-6 manata başa gəlir. Kabab, sup və salatlardan ibarət şam yeməyi isə 8-10 manata başa gəlir. Otaqlara gəldikdə isə hər bir nömrənin isitmə-soyutma sistemi, hamamı,pulsuz internet, kabel televiziyası, divan və kreslosu var.
Lənkəranda “Mandarin Hotel” – 10 manat
Gecəsi 10 manat olan «Mandarin» hoteli Lənkəran rayonunun Göyşaban kəndini bütün respublikada tanıdıb. Hotelin rəhbəri Nazim Dədəcanov fins.az-a bildirib ki, hotel iki hissədən ibarətdir. 10 manatlıq nömrələr hotelin ikinci korpusundadır. Burada sahəsi 6-12 kv.m olan təmirli otaqlarda 2, 4 və 5 nəfər yerləşə bilər. Bu otaqlarda bir nəfərin gecələməsi 10 manata başa gəlir. Otaqlarda açılıb-yığılan çarpayılar qurulur. İsitmə-soyutma sistemi var. Hamam və ayaqyolu isə ümumidir. Hotelin restoranında yeməklərin qiyməti isə 2-6 manat arasında dəyişir. Yağ, pendir və yumurtadan ibarət səhər yeməyi 2 manata, kabab, dolma, bozbaş kimi ev yeməklərinin qiyməti isə 3,5 -6 manat arasında dəyişir. Heç əsas korpusda da qiymətlər yüksək deyil. Əsas binada bir nəfərlik qiyməti 25 manat olan 2- 3 nəfərlik otaqlar yerləşir. Otaqlar tam təmirlidir. Tək və iki nəfərlik çarpayılar var. Hər bir nömrənin ayrıca hamam və ayaqyolusu, televizor, istilik və soyutma sistemi var. Bu qiymətə səhər yeməyi də daxildir. Bir ay qalanlara qiymət 20 manatdan hesablanır.
“Duyma Hotel” adambaşı 25-35 manat
Qəbələnin digər ən münasib hoteli “Duyma Hotel” hesab olunur. Burada qiymətlər mövsümlə əlaqədar olaraq mayın 1-dən sentyabrın 1-nə kimi nisbətən baha olur. Məsələn, adi qaydada 2 nəfərlik nömrə 50 manat olduğu halda, yay mövsümündə qiymət 70 manata kimi yüksəlir. Bu qiymətə səhər yeməyi də daxildir. Hotelin rəhbəri Ramazan Əhmədov fins.az-a bildirib ki, müştərilər adətən nömrəni səhər yeməyi daxil sifariş edirlər. Amma istəkdən aslı olaraq səhər yeməyi təxirə də salına bilər. Belə olan halda nömrələr adambaşı 5 manat ucuz başa gəlir. Məsələn 2 nəfərlik nömrə üçün 40 (yayda 60) manat ödəmək lazım gəlir.
Şəkidə “Məkan Motel” 20 manat
Şəkidə ucuz qiymətə gecələmək istəyənlər “Məkan Motel”in qiymətləri ilə də tanış olmalıdırlar. Motel 1,2 və 3 nəfərlik nörmələrdən ibarətdir. Bir nəfər üçün qiymət 20 manat təşkil edir. Amma bu qiymətə səhər yeməyi daxil deyil. Bu moteldə adi qaydada bir nəfərlik səhər yeməyi 3 manata başa gəlir.
Lənkəranda “Palıdlı Sahil” adambaşı – 20 manat
Lənkəranda digərlərinə nisbətən daha münasib hotellərlərdən biri də “Palıdlı Sahil”dir.Burada əsasən 2 -3 nəfərlik koteclər və hotel nömrələri var. Hoteldə minimal qiymət 2 nəfər üçün 40 manat təşkil edir. Gündə 3 dəfə yeməklə 2 nəfərlik qiymət 70 manatdan hesablanır. 3 nəfəlik qiymət 50 manat, 3 dəfə yeməklə 99 manat, 4 nəfərlik qiymət isə səhər yeməyi daxil 120 manatdır. Hotelin müştəri xidmətləri şöbəsinin fins.az İmran Məmmədov verilən məlumata görə, bu qiymətə pulsuz şou proqram və yay hovuzu daxildir. Bundan əlavə “Hirkan” qoruğuna, Xanbulana və çay plantasiyalarına adambaşı 5 manata ekskursiyalar təşkil edilir. Bundan əlavə xarici turistlər üçün adambaşı 35 dollara “hər şey daxil” təklif edilir. İsveç stolu açılır.
“Gəncə Hotel” və “Deluxe Hotel” – 40 manat
Ölkənin ikinci böyük şəhəri olan Gəncədə hotellər nisbətən bahadır. Burada hotellərin qiymətləri 40 manatdan başlayır. Məsələn, Gəncə Deluxe Hoteldə tək nəfərlik nörmələr səhər yeməyi daxil 40 manat, 2 nəfərlik 50 manat, 3 nəfərlik isə 60 manatdır. Hoteldən verilən məlumata görə, nömrələrdə isitmə-soyutma sistemi, televizor və internet var. Səhər yeməyi üçün isveç stolu açılır. «Gəncə Hotel» də müştəriləri eyni şərtlərlə qəbul edir. Belə ki, qiymətlər bir nəfər üçün 40 manat, 2 nəfərlik otaqlar 50 manat, 3 nəfərlik nörmələr isə 60 manatdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Başqa sözlə, Gəncədəki hotellərə ucuz demək olar, bir şərtlə ki, bir nömrədə 2 və ya daha artıq qonaq qalsın.
Qusarda “MM Hotel” adambaşı 20 manat
Qusarda da nisbətən ucuz qiymətə gecələmək olar. Belə ki, “Qusar-Xudat yolunda Azpetrol yanacaq doldurma məntəqəsinin yanında “MM Hotel” fəaliyyət göstərir. Hoteldə 2 və 4 nəfərlik nömrələr var. Adi günlərdə 2 nəfərlik nömrələr 40 manata, 4 nəfərlik nörmələr isə 80 manata təklif edilir.Həftə sonu və bayram günlərində qiymətlər 10 manat yüksəlir. Otaqlarda isitmə vəsoyutma sistemi LCD televizor, soyudu və internet var.Hotelin rəhbəri Azad Kəlbiyev fins.az-a bildirib ki, bu qiymətə “açıq stol” səhər yeməyi də daxildir. Hoteldə nahar və şam yeməyi üçün salatlar 1 manat, suplar 2,5 manat, kabablar 4 manat, balıqlar yeməkləri isə 15-18 manata başa gəlir.
Şəkidə “FM Hotel” – 20 manat
Şəkinin mərkəzində Olimpiya İdman Kompleksinin yanında başqa bir hoteldə də gecələmək olar. Taxta koteclərdən ibarət “FM Hotel”də qiymətlər 20 manatdan başlayır. İki nəfərlik koteclər 30 manat, 3 nəfərlik koteclər 40 manatdır. Ayrıca mətbəxi olan 3 nəfərlik koteci seçmək istəyənlər isə 50 manat ödəməli olacaqlar. Hoteldən verilən məlumata görə, bu qiymətə yalnız gecələmək daxildir.
Qəbələdə “Sahil Pansionati” – 12 manat
Bu hoteldə qalmaq isə ailəvi istirahətə üstün verənlət üçün sərfəlidir. Söhbət Qəbələ şəhərindən 5 kilometr məsafədə yerləşən Sahil Pansionatından gedir. Pansionatdan verilən məlumata görə, nömrələr 4 nəfərlikdir. Bir yə ya 2 nəfər üçün nömrə sifariş etmək 40 manata başa gəlir. Amma eyni nömrədə 4 nədərlik ailə 50 manata qala bilər. Hər bir nömrə 2 otaqdan ibarətdir. Otaqlarda isitmə və soyutma sistemi və televizor var. Bu qiymətə idman oyunları, bilyard, tennis və futbol meydançasından pulsuz istifadə də daxildir.
Mənbə:> pahoo.az