Qərb bölgəsində üç və dördulduzlu hotellərin – QİYMƏTLƏRİ
Beşulduzlu hoteldə gecələmək, üçulduzlu hotel ilə müqayisədə 3 dəfə baha başa gələcək.
Paytaxt Bakıda olduğu kimi, bölgələrdə də kifayət qədər hotel var. Xarici ölkələrdən gələn turistlər nəinki Bakıya, həmçinin ölkəmizin bölgələrinə də səfər edirlər. Elə ölkə vətəndaşları da istirahət dövründə rayonlardakı hotellərin xidmətindən istifadə edə bilərlər.
Oxu.Az Fins.az-a istinadən qərb bölgəsində yerləşən 3 və 4 ulduzlu hotellərin qiymətlərini təqdim edir.
Həmin hotellərin bu qiymətə, doğrudan da layiq olub-olmadıqlarını müştərilər özləri müəyyən edə bilərlər.
“Gəncə Hotel” - adambaşına 50 manat
Gəncə şəhərində yerləşən 3 ulduzlu “Gəncə Hotel”də bir nəfərlik otaqda gecələmək 50 manatadır. Bu qiymətə səhər yeməyi də daxildir. İki nəfərlik çarpayısı olan otaqda gecələmək 60 manatdır.
“Gəncə Hotel”də bir gecəlik luks otağın qiyməti isə 120 manatdır. Hoteldə səhər yeməyi və avtodayanacaq müştərilərə pulsuz təklif olunur.
“Vego Hotel” - adambaşına 117 manat
Gəncədə yerləşən 4 ulduzlu “Vego Hotel”də bir nəfərlik otaqda gecələmək 97 manatdır. İki nəfərlik otaqda gecələmək isə 115 manata başa gəlir. İki nəfərlik luks otağın qiyməti isə 130 manat təşkil edir.
Bu məbləğə səhər yeməyi və avtodayanacaqdan istifadə daxildir. Hoteldə saunadan istifadə etmək üçün əlavə 15 manat ödəməlisiz.
“Cinema Butik Hotel” - adambaşına 50 manat
Gəncədə Cavadxan küçəsində yerləşən, 3 ulduzlu “Cinema Butik Hotel”də bir nəfərlik otaqda gecələmək 50 manatdır. İki nəfərlik otaqda qalmaq isə 60 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Hotelin luks otaqlarında gecələmək isə 120 manatdır.
“Gədəbəy Eldorado Hotel” - adambaşına 50 manat
Gədəbəydə yerləşən “Eldorado” mehmanxanasında qiymətlər adambaşına 50 manatdır. 2 nəfərlik otaq isə 60 manatdır. Göstərilən məbləğlərə səhər yeməyi də daxildir.
Həmçinin avtodayanacaqdan pulsuz istifadə edə bilərsiz. Hotelin luks otaqlarına gəlincə isə burada qiymət 250 manat təşkil edir ki, bu otaqda da 4 nəfər rahat istirahət edə bilər. Qeyd edək ki, hotel ulduz göstəricisi ilə təsnifatlanmayıb.
“Sərxan Hotel” - adambaşına 40 manat
Şəmkirdə yerləşən “Sərxan Hotel”də bir nəfərlik otaqda gecələmək adambaşına 40 manat təşkil edir, bu qiymətə səhər yeməyi də daxildir. İki nəfərlik otaqların qiyməti isə 50 manat təşkil edir.
İki nəfərlik luks otağın qiyməti 80 manat təşkil edir. Qeyd edək ki, “Sərxan Hotel”də ulduzsuz mehmanxanalar siyahısındadır.
“İzel Hotel” - adambaşına 30 manat
Tovuzda yerləşən iki hoteldən biri – “İzel Hotel”də gecələmək bir nəfərlik otaqda adambaşına 30 manatdır. Bu qiymətə həmçinin səhər yeməyi də daxildir. İki nəfərlik otaqda səhər yeməyi daxil gecələmək isə 50 manat təşkil edir. “İzel Hotel”in də ulduzu yoxdur.
“Qərb Hotel” - adambaşına 30 manat
Ağstafada yerləşən 3 ulduzlu “Qərb Hoteli”ndə qiymət bir qədər ucuzdur. Belə ki, burada bir nəfərlik otaqda adambaşına bir gecə üçün 30 manat ödəməli olacaqsız, amma səhər yeməyi pulludur. Əlavə 3 manat ödəməklə səhər yeməyinə yağ, bal, yumurta və s. sifariş verə bilərsiz. İki nəfərlik otaqların qiymətinə gəlincə isə 35 manatdır.
“Nesiboğlu Hotel” - adambaşına 25 manat
Ağstafada yerləşən digər bir 3 ulduzlu “Nesiboğlu Hotel”ində bir nəfərlik otaqda gecələmək 25 manat təşkil edir. Amma bu qiymətə səhər yeməyi daxil deyil. Səhər yeməyi sifariş etmək üçün əlavə 3 manat ödəyəcəksiz. İki nəfərlik otaqda gecələmək isə 35 manatdır.
“Ayan Palace” - adambaşına 125 manat
Əgər qərb bölgəsində 5 ulduzlu hoteldə gecələmək istəsəniz, 3 ulduzlu hotellə müqayisədə 3 dəfə artıq pul ödəməli olacaqsız.
Məsələn, Tovuzda yerləşən 5 ulduzlu “Ayan Palace” hotelində bir nəfərlik gecələmək adambaşına 125 manatdır. İki nəfərlik, yəni “dable” otaqlarda gecələmək isə 150 manatdır. Bu qiymətlərə səhər yeməyi və “spa” mərkəzindən istifadə daxildir.
Mənbə:> Oxu.az