Pensiyaların baza hissəsi ləğv olunur, pensiyaçıları nə gözləyir...
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkədə pensiya islahatına dair parlamentə təqdim edilmiş yeni təkliflər paketinin məğzini açıqlayıb.
Virtualaz.org xəbər verir ki, nazir jurnalistlərə bildirib ki, “Əmək pensiyaları haqqında” qanun layihəsinə təklif edilən yeni düzəlişlərə fevralın 3-də Milli Məclisin müvafiq komitəsində baxılacaq. “Bu layihə pensiya sistemində islahatlar Konsepsiyasına əsaslanır”-nazir bildirib.
Səlim Müslümovun bildirdiyinə görə dəyişikliklər pensiyaların minimal ölçüsünün tətbiq edilməsini nəzərdə tutur. “Biz qanuna yeni element daxil edirik-minimal pensiya məbləği. Əgər pensiyanın hesablanması zamanı vətəndaşın almalı olduğu pensiyanın məbləği minimal pensiya məbləğini keçirsə o zaman iş stajından asılı olmayaraq ona pensiya təyin olunacaq. Əks halda iş stajına baxılacaq. Əgər işçinin 25 illik iş stajı varsa biz sistemin vəsaitləri hesabına ona minimal pensiya təyin edəcəyik”-Səlim Müslümov bildirib.
Nazirin açıqladığına görə əsas dəyişikliklərdən biri də “pensiyaların baza hissəsi” anlayışının ləğv edilməsidir. S.Müslümov qeyd edib ki, nəticədə pensiya sistemi tamamilə sığorta prinsipinə keçəcək. “Pensiyalar ancaq işçinin fərdi hesabında yığılmış vəsaitlərdən çıxış edərək təyin olunacaq”-nazir deyib.
Hazırda Azərbaycanda əmək pensiyası iki hissədən ibarətdir-baza və sığorta hissəsi. Baza hissəsi 110 manatdır və dövlət büdcəsi hesabına maliyyələşdirilir. Yeni dəyişikliklər qüvvəyə minəndən sonra isə dövlət pensiyaçılara büdcədən ödəmələri dayandırmış olacaq, yəni pensiyalar işçinin sığorta hesabında yığılmış vəsaitdən ödəniləcək.
Belə çıxır ki, sığorta hesabında kifayət qədər vəsait olmayanlar gələcəkdə daha az pensiya alacaqlar, yaxud ümumiyyətlə ala bilməyəcəklər. Əslində pensiyaların baza hissəsindən imtina edilməsi 2009-2015-ci illərdə pensiya-sığorta sistemində islahatlara dair Dövlət Proqramında əksini tapmışdı. Həmin proqramda göstərilirdi ki, müəyyən müddətdən sonra sığorta ödəmələri, işçilərin əmək haqlarının leqallaşması, fərdi uçot sistemi üzrə qeydiyyata alınanların sayının artması pensiyaların ödənilməsi üçün dövlət büdcəsindən transfertləri dayandırmağa imkan yaradacaq.
Mənbə:> Virtualaz.org