İşsizlərə sığorta pulu veriləcək – VİDEO
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi “İşsizlik sığortası haqqında” qanun layihəsi hazırlayıb.
AzNews.info-nun “Xəzər Xəbər”ə istinadən məlumatına görə, layihə bütün əlaqədar dövlət qurumları ilə razılaşdırılıb.
Qanun layihəsinin parlamentin payız sessiyasında müzakirə ediləcəyi gözlənilir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, layihədə əsas məsələlərdən biri işsizlik sığortasının məbləğinin müəyyən edilməsidir. Yeni qanun layihəsinə əsasən, işsizliyə görə sığorta haqqı ümumilikdə işçinin əmək haqqının 1%-i qədər olacaq. Bunun 0,5%-ni işçi özü, digər 0,5%-ni isə işə götürən ödəyəcək ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir.
Sığorta ödənişinin məbləği işçinin təcrübəsindən və işsiz qaldığı müddətdən asılı olacaq. Yəni işçinin təcrübəsi çox olarsa, sığorta ödənişi də yüksək olacaq, işsiz qaldığı müddət artdıqca isə, əksinə, ödəniş azalacaq. Sığorta üçün ilk dəfə müraciət edən şəxs ilk iki ayda ona təyin olunan aylıq ödənişi 100% alacaq, növbəti iki ayda bu məbləğin 80%-ni, daha sonrakı iki ayda isə 70%-ni alacaq.
İşsiz qalan şəxs bu müddət ərzində iş tapa bilməzsə və yenidən sığorta ödənişi üçün müraciət edərsə, ona 3 ay müddətinə sığorta ödənişi veriləcək.
Mənbə:> XəzərXəbər