Koreya bankı Azərbaycanın layihəsinə 500 milyon dollar kredit ayırdı
2 min yeni iş yeri açılacaq.
SOCAR “Karbamid zavodu” layihəsinin maliyyələşdirilməsi üçün Koreyanın “İxrac-İdxal Bankı”ndan vəsait cəlb edib.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bankın yaydığı məlumata görə, zavodun inşasına 500 milyon avro məbləğində kredit ayırılıb.
“Maliyyə dəstəyi iki ölkə arasındakı iqtisadi əməkdaşlığın inkişafına kömək edir və Azərbaycanda yeni irimiqyaslı layihələrin həyata keçirilməsi üçün zəmin yaradır”, - deyə bankın məlumatında bildirilir.
Qeyd edək ki, Sumqayıtdakı Azot gübrəsi-karbamid istehsalı zavodunun layihəsi Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na uyğun olaraq, 2013-cü il martın 13-də SOCAR və Koreya Respublikasının “Samsung Engineering Co., Ltd.” şirkəti arasında imzalanan mühəndislik, satınalma və tikinti üzrə müqaviləyə əsasən həyata keçirilir.
Daxili tələbatın tam ödənilməsi ilə yanaşı, gələcəkdə istehsal olunan karbamid məhsulunun müəyyən hissəsi Türkiyəyə və SOCAR-a məxsus Kulevi terminalı vasitəsilə dünya bazarlarına ixrac ediləcək.
Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarət olacaq. Sutkada 2 min ton karbamid istehsal edən zavod kənd təsərrüfatının davamlı inkişafına böyük töhfə verəcək, işsizlik probleminin aradan qaldırılmasına müsbət təsir göstərəcək.
Zavodun layihələndirmə işləri 100%, tikinti işləri təxminən 58% olmaqla, ümumilikdə işlərin təxminən 88%-i tamamlanıb.
Zavodun tikintisinin qrafikə uyğun olaraq, 2017-ci ilin sonunda başa çatdırılacağı və 2018-ci ilin əvvəllərində istismara veriləcəyi nəzərdə tutulur.
Layihənin dəyəri 700-750 milyon avro məbləğində qiymətləndirilir. Zavodun fəaliyyətə başlaması ilə Azərbaycanda 2 min yeni iş yerinin açılması planlaşdırılır.
Finlandiyanın “Neste Jacobs Oy” şirkəti “Karbamid zavodu” layihəsi üzrə layihənin idarəedilməsi və müstəqil təftiş xidmətləri göstərir.
Mənbə:> Oxu.az