Azərbaycanda yeni zavod tikilir
Dünyadakı mürəkkəb siyasi-iqtisadi proseslərə baxmayaraq, ölkəmizdə mövcud olan əlverişli biznes mühiti və sahibkarlara göstərilən dəstək nəticəsində Azərbaycanda rəqabətqabiliyyətli məhsullar istehsal edən müəssisələr yaradılır.
Oxu.Az xəbər verir ki, bu sözləri İqtisadiyyat nazirinin müavini nazir müavini Niyazi Səfərov bildirib.
“Belə layihələrdən biri də Qaradağ Metal Konstruksiyalar Zavodu ("AzeriSteel") tərəfindən tikiləcək rəqabətqabiliyyətli sənaye avadanlıqlarının istehsalı zavodudur. Layihə çərçivəsində qabaqcıl texnologiyalar əsasında neft-qaz və kimya sənayesi ilə yanaşı, əczaçılıq və yeyinti sənayesi üçün müxtəlif avadanlıqlar (istilik mübadilə qurğuları, reaktorlar, kristallizatorlar, distilyasiya kolonları, çənlər, təzyiq altında işləyən avadanlıqlar və s.) istehsal ediləcək.
Zavodun dəyəri təqribən 32 mln. avrodur. Layihə çərçivəsində 700-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun layihələndirmə və mühəndislik işləri Almaniyanın bu sahədə böyük təcrübəyə malik olan “EPC Group” şirkəti tərəfindən həyata keçirilir. “EPC Group” zavodun fəaliyyəti dövründə də müəssisəyə texnoloji dəstək göstərəcək”, - deyə nazir müavini qeyd edib.
Qaradağ Metal Konstruksiyaları Zavodunun ("AzeriSteel") Direktorlar Şurasının sədri Rüfət Sucayev Azərbaycanda yaradılmış əlverişli biznes mühiti, sahibkarlığa göstərilən dövlət dəstəyi tədbirləri, xüsusilə də son zamanlar sahibkarlıq sahəsində inzibati prosedurların sadələşdirilməsi sahəsində atılan addımların sahibkarlar tərəfindən razılıqla qarşılandığını vurğulayıb, "AzeriSteel"in fəaliyyəti barədə məlumat verib.
Bildirilib ki, sənaye avadanlıqlarının istehsalı zavodunun qurulmasında dövlətin dəstək mexanizmlərindən istifadə olunması nəzərdə tutulur. Zavodda istehsal ediləcək rəqabətqabiliyyətli sənaye məhsulları yerli bazarla yanaşı, xarici ölkələrə də ixrac olunacaq.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli