Nazirlik rəsmisi: VÖEN-i olandan 1% nağdlaşdırma vergisi tutulacaq
“Həm sadələşdirilmiş vergi, həm də əlavə dəyər vergisinin (ƏDV) ödəyiciləri pul vəsaitini nağdlaşdıran zaman 1% vergini ödəməli olacaqlar”.
Aznews.info “Marja”-ya istinadən xəbər verir ki, bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva deyib.
O şərhinə belə davam edib: “Sadələşdirilmiş vergi hasilatdan, yəni daxil olmuş məbləğdən tutulan vergidir. Əlavə dəyər vergisi də ümumi dövriyyədən hesablanır.
Yəni, vergitutma obyekti mal və işlərin təqdim olunmasına görə dövriyyələrdir. Nağdlaşdırmaya tətbiq ediləcək 1% verginin tutulması üçün isə obyekt fərqlidir, yəni pul vəsaitlərinin nağdlaşdırılması vergiyə cəlb edilir.
Burada tamamilә fərqli vergitutma obyektləri olduğundan ikiqat vergitutmadan söhbət gedə bilməz. Vəsait istər kart, istərsə də birbaşa çek vasitəsilə nağdlaşdırılırsa, mənbə də 1% vergiyə cəlb olunacaq. Bu vergi banklar tərəfindən hesablanıb dövlət büdcəsinə ödəniləcək”.
Mənbə:> Marja.az