Supermarketlərə Vergilər Nazirliyindən cavab
Bir manata alınıb və bir manat 20 qəpiyə satılan məhsula görə vergi 20 qəpikdən ödəniləcək.
Pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri əlavə dəyər vergisini ticarət əlavəsindən ödəyəcəklər.
Oxu.Az “Marja”ya istinadən xəbər verir ki, bu, 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətlərində göstərilir.
Prezidentin imzaladığı Sərəncama əsasən, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əlavə dəyər vergisi üzrə vergitutma obyekti malların satış qiyməti ilə malgöndərənlərə ödənilən qiymət arasındakı fərq (ticarət əlavəsi) hesab edilərək, verginin həmin məbləğdən hesablanması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməlidir.
Hazırda supermarketlər, mal təchizatçısı ƏDV vergisi ödəyicisi olmadığı hallarda, 18% olan ƏDV-ni malın satış qiymətinə hesalayıb dövlət büdcəsinə ödəyir.
Dəyişiklikdən sonra isə, tutaq ki, 1 manata alınıb, 1 manat 20 qəpiyə satılan məhsula görə vergi 20 qəpikdən ödəniləcəkdir. Həmçinin topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarların müəyyən ediləcək.
Bundan başqa, beynəlxalq təcrübə nəzərə alınmaqla, diferensiallaşdırılmış əlavə dəyər vergisi dərəcələri tətbiq edilməli olan malların (işlərin, xidmətlərin) siyahısı və həmin mallar (işlər, xidmətlər) üzrə əlavə dəyər vergisinin dərəcələrinin müəyyən ediləcəkdir.
Qeyd edək ki, Azərbaycanın ən iri supermarketlər şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək xahiş etmişdilər.
Müraciətdə sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən ət, balıq, süd, un məhsullarının, yumurta, bakliyat (düyü, mərcimək və s.), yağ, meyvə-tərəvəz və uşaq qidalarının yerli istehsalı və bütün satış zəncirinə 0% dərəcə ilə ƏDV-nin tətbiq olunmasının məqsədəuyğunluğu qeyd olunmuşdu.
İlkin açıqlamalardan məlum olurdu ki, sahibkarların təklifi qəbul olunmur. Vergilər naziri Fazil Məmmədov ticarət şəbəkələrinin əlavə dəyər vergisi (ƏDV) üzrə vergi güzəştləri ilə bağlı təkliflərinə münasibət bildirib.
O demişdi ki, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Lakin Prezidentin sərəncamı ilə, sahibkarların istəkləri nəzərə alınıb. İndi, ƏDV-nin ticarət əlavəsindən hesablanmasından başqa, diferensial vergi sisteminin tətbiq edilməsi imkan verəcək ki, daha aşağı vergilər ödənilsin. Bu isə xərclərin azalmasına gətirib çıxaracaq.
Məsələn, hazırda lüks avtomobilə görə də 18%, hansısa gündəlik qida məhsuluna görə də 18% ƏDV ödənilir. Dəyişiklikdən sonra məhsullara görə ƏDV-nin faizi dəyişəcəkdir.
Mənbə:> Oxu.az