Devalvasiyadan sonra depozit və kreditlər belə dollarlaşıb – STATİSTİKA
Ölkədə baş verən devalvasiyadan sonra depozit və kreditlər kütləvi surətdə dollarlaşıb.
Aznews.info-un məlumatına görə, Fins.az bir neçə dövr üçün göstəriciləri təhlil edib.
Belə ki, 2014-cü ilin 4-cü rübündə 7,7 milyard manat olan depozitlərin həcmi baş verən devalvasiyadan sonra 2016-cı ilin 1-ci rübündə 4,2 milyard manata qədər düşüb və ümumilikdə, milli valyuta ilə qoyulan depozitlərin miqdarı ötən müddət ərzində 46% azalıb.
Xarici valyutada yerləşdirilən depozitlərin həcmi isə bu zaman müddətində 8,5% artım əldə edərək, 9,9 milyarddan 10,7 milyarda qədər artıb.
2014-cü ilin 4-cü rübü ilə 2016-cı ilin 1-ci rübünü müqayisə etdikdə kreditlərin miqdarında da əsaslı dəyişikliklərin olduğunu görürük.
Belə ki, 2014-cü ilin 4-cü rübündə milli valyuta ilə verilən kreditlərin miqdarı 13,5 milyard manat olsa da, devalvasiyadan sonra 25,3% azalaraq 2016-cı ilin 1-ci rübündə 10,1 milyard manat olub.
Lakin ötən müddət ərzində xarici valyuta ilə verilən kreditlərin miqdarında, demək olar ki, azalma müşahidə olunmayıb.
Belə ki, xarici valyuta ilə verilən kreditlərin həcmi 2014-cü ilin 4-cü rübündə 6,4 milyard manat təşkil edib və bu həcm 2016-cı ilin 1-ci rübündə dəyişməyərək 6,4 milyard manat olub.
Mənbə:> Fins.az