Yanvardan ən çox bahalaşacaq məhsullar
Yanvardan Azərbaycan manatının tam üzən məzənnə siyasətinə keçməsi istər-istəməz bir sıra ərzaq məhsullarının bahalaşmasına səbəb olacaq.
İstipress.com xəbər verir ki, bunu ölkənin xarici ticarət dövriyyəsində qeyri-neft məhsulları üzrə müşahidə olunan mənfi saldoya əsaslanaraq ehtimal etmək mümkündür. Neft məhsullarının ixracından gələn gəlirlər ayrıca olaraq Dövlət Neft Fondunda (ARDNF) toplandığından, bu pulların məzənnəyə təsir yalnız ARDNF-in dövlət büdcəsinə transfertləri şəklində baş verir.
Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkəyə 6,9 milyard dollarlıq qeyri-neft məhsulu idxal edilib. Ölkədən isə cəmi 989 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib. Yəni ortada 5 milyard dollarlıq fərq var və Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək 6,1 milyard manat, yəni indiki məzənnə ilə 3,5 milyard dollar emissiya bu fərqi tam qapaya bilməyəcək. Belə olan şəraitdə həm qeyri-neft idxalının azalması, həm manatın müəyyən qədər devalvasiyası qaçılmaz olacaq. Bu isə öz növbəsində bir çox ərzaq mallarının, xüsusilə də idxal ərzaq mallarının bahalaşmasına səbəb olacaq.
İlkin hesablamalara görə, ölkənin ərzaqa olan tələbatının 11%-i idxal hesabına ödənir. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2016-cı ilin yanvar-oktyabr aylarında ölkənin ticarət şəbəkəsində 11,9 milyard manatlıq ərzaq, tütün və içki satılıb. DGK-nin məlumatına görə, həmin aylarda Azərbaycana 1,2 milyard dollarlıq, yəni indiki məzənnə ilə 2,1 miyard manatlıq ərzaq, tütün və içki gətirilib. Yəni ticari ərzaq dövriyyəsinin təxminən 18 faizi idxal hesabına ödənib.
DGK-ın idxalla bağlı məlumatlarını araşdırdıqda bahalaşan malların sırasında ilk yerdə buğda gələcəyini ehtimal etmək olar. Sirr deyil ki, ölkənin ərzaq buğdasına olan əsas ehtiyacı idxal hesabına ödənilir və hər il ölkəyə 1,4 milyon ton buğda gətirilir. 2016-cı ilin yanvar-oktyabr aylarında artıq ölkəyə 1,27 milyon ton buğda gətirilib və buna 234 milyon dollar pul xərclənib. Yəni buğdanın tonu 185 dollara düşüb. Təbii ki, dollar bahalaşarsa, çörək də bahalaşacaq və qiyməti inzibati yollarla saxlamaq mümkün olmayacaq.
Şəksiz bahalaşacaq ikinci ərzaq məhsulu isə şəkərdir. Ölkənin şəkərə olan tələbatının 90 faizi xammal hesabına ödənir. 2016-cı ilin yanvar-oktyabr aylarında artıq ölkəyə 362 min ton şəkər gətirilib və bunun üçün 142 milyon dollardan çox vəsait xərclənib, şəkərin tonu 400 dollara düşüb. Yəni dollar bahalaşarsa, bu ərzaq məhsulunun da bahalaşması qaçılmazdır.
Bahalaşacaq üçüncü geniş istehlak məhsulu siqaretdir. Azərbaycanda istehlak edilən siqaretlərin, demək olar ki, əksəriyyəti idxal tütün hesabına təmin edilir. Düzdür, ölkədə istehlak edilən siqaretlərin 15 faizi, yəni 2 milyard ədəd ölkə daxilində istehsal edilir, amma onun da xammalı əsasən xaricdən gətirilir.
Əsasən xaricdən gətirilən çayın, demək olar ki, bütünlüklə xaricdən gətirilən məhsuldan qablaşdırılan bitki yağlarının, təxminən 30 faizə qədəri xaricdən gətirilən kərə yağının bahalaşması qaçılmazdır. Gübrə, maşın və mexanizmlərin də əsasən idxal edildiyi nəzərə alınarsa, bahalaşmanın demək olar ki, bütün ərzağı əhatə edəcəyini ehtimal etməyə imkan yaradır.
Bütün bunlar Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı problemin olduğunu düşünməyə imkan verir. Hər halda, yüz milyonlarla dollar xərclənərək çörək, yağ və şəkərə, həmçinin tərgidilməsi qeyri-mümkün olan siqaretə olan məhz idxal hesabına ödənir. Lakin Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev bu məsələdə vəziyyətin elə də təhlükəli olmadığını deyir:
“Ərzağa olan tələbatı 100 faiz daxili istehsla hesabına təmin etmək mümkün deyil. Kəndlərdəki natural istehsal nəzərə alındıqda bizdə tələbatın yalnız 10-12 faizi idxal hesabına ödənir. Deyim ki, bu məsələdə xeyli irəliləmə var. Çünki 1990-cı illərdə biz ərzağa olan tələbatımızın 20-22 faizini idxal hesabına təmin edirdik. Amma bununla belə, həm taxıla, həm şəkərə, həm də tütünə, həmdə bitki yağlarına olan tələbatımız yerli istehsal hesabına ödənilə bilər. Bunun üçün xüsusi proqramlar tərtib olunmalıdır”.
Təbii ki, bu proqramlar həyata keçərsə, idxalımız da müəyyən qədər azalar və yüz milyonlarla dollar vəsait ölkədə qalar. Manat da dollar qarşısında şax duraraq əyilməz. Azərbaycan vətəndaşları da milli valyutaları kimi başlarını uca tutarlar. Vəssalam.
Mənbə:> İstipress.com