Qazaxıstandan 3,2 milyon dollarlıq buğda alınıb
“Bu ilin yanvar-iyul aylarında Qazaxıstandan Azərbaycana 3,2 milyon dollarlıq buğda idxal olunub ki, bu da Qazaxıstandan nəzərdə tutulan buğda idxalının ümumi həcminin 73%-ni təşkil edir”.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsində qeyd edilir.
N.Əliyevin sözlərinə görə, bu il Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 31% artıb: “Azərbaycanda illik buğda istehsalı 1,7 milyon tondur. Taxıla olan 1,3 milyon tonluq əlavə tələbat isə Rusiya ilə yanaşı, əsasən, Qazaxıstan hesabına ödənilir.
Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsinin həcmi 2016-cı ilin yanvar-avqust aylarında 91 milyon dollar olub ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 31% çoxdur. İxrac 16 milyon dollara, idxal isə 75 milyon dollara çatıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 76%, idxal isə 25% artıb”, - deyə nazir əlavə edib.
Mənbə:> Oxu.az