Sosial evlər üçün müraciətlərin tarixi açıqlandı
“Ölkədə inşa edilən sosial evləri almaq üçün müraciətlərin qəbuluna yaxın 3-4 ay ərzində başlanacaq”.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, vətəndaşlar mənzillərin alınması üçün elektron müraciətlərə mayın 1-dən başlayacaq. O vaxta qədər isə əhali sosial evləri almaq üçün elektron olmasa da, kağız formasında “ASAN xidmət” vasitəsilə müraciətlər edə biləcək.
S.Nuriyev bildirib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Agentliyin direktoru qeyd edib ki, üstünlük ilk növbədə müraciət edənlərə veriləcək:
“Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük qazanacaq. Bu məlumatdan sonra da onlar hazırlaşıb elektron qeydiyyata müraciət edəcəklər”.
Direktor bildirib ki, sənədlərə baxılması 5 gün çəkəcək:
“Mənzillərin azı 30% tikintisi başa çatdıqdan sonra isə onların satışı barədə elan veriləcək. Vətəndaşlar elektron üsulla binaların layihələrinə, buradakı ayrı-ayrı mənzillərin layihələrinə və ölçülərinə baxaraq sifariş edə bilərlər”.
“Sifariş edilən mənzillər bloklanacaq və onu başqa şəxsə satmaq mümkün olmayacaq. Amma insan həmin mənzildən imtina edirsə, o mənzil yenidən satışa çıxarılacaq”, - deyə S.Nuriyev bildirib.
Direktor sosial mənzillərin satışı və kirayə verilməsi ilə bağlı 3 illik qadağaya da aydınlıq gətirib.
Onun sözlərinə görə, insanlar həmin mənzilləri ucuz qiymətə aldıqdan sonra bazara çıxarsalar bu əmlak bazarına mənfi təsir edə bilər: “Buna görə də məhdudiyyətlər var. Yəni, 3 il ərzində mənzilləri nə sata, nə də kirayəyə verə bilər. Mənzillər elə birinci gündən tam mülkiyyətə veriləcək”.
Mənbə:> Fins.az