Sosial mənzillərin sahəsi məlum oldu – ÖLÇÜLƏR
“Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Yasamal rayonunda tikilən sosial evlərin ilk kompleksində 1850 mənzil olacaq”.
Aznews.info Fins.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin rəhbəri Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, kompleksdə mənzillər 1-2 və 3 otaqlı olacaq.
Kompleksdə 1 otaqlı mənzillərin sahəsi 30-35 kvadratmetr, 2 otaqlılar 50-60 kvadratmetr, 3 otaqlı mənzillər isə 65-75 kvadratmetr olacaq:
“Özü də bu ölçülər daxili ölçülərdir, yəni mənzillərin sahəsinə divarların qalınlığı və eyvanın ölçüləri daxil deyil. Məlum olduğu kimi, hazırda satılan bəzi mənzillərin sahəsi çöldən ölçülür, bizdə belə olmayacaq”, - deyə direktor bildirib.
S.Nuriyevin sözlərinə görə, mənzillərin ölçülərini daha aşağı etmək olardı: “Amma normalar var ki, bir ailəyə nə qədər sahə lazımdır. Ona görə də bir otaqlılar 30-35 kvadratmetrdən başlayacaq.
Yasamalda tikilən kompleksdəki binalar 9-12 mərtəbə olacaq. Mənzillərin layihələndirilməsi zamanı bütün standartlara əməl olunacaq. Burada mənzillərin 16%-i 1 otaqlılır, 60%-i 2 otaqlılar, 24-25% isə 3 otaqlılar olacaq. Araşdırmalarımız göstərir ki, ən çox 2 otaqlılar istənilir, onların ölçüləri də münasibdir. Bu evlərin tikilib satılması təqribən 2-3 il çəkəcək.
Bildirilib ki, hazırda tikilən layihədə insanlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır: “Xüsusilə də, gənc ailələr üçün rahat olacaq ki, onlar öz gələcəklərini burada quracaqlar. Burada bütün sosial obyektlər də tikiləcək”.
Mənbə:> Fins.az