İran-Azərbaycan sərhədində sıxlıq yarandı – VİDEO
Zəvvarların “Ərbəin” ziyarətinə getməsi Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsində (SNBM) tıxacların yaranmasına səbəb olub.
Oxu.Az Report-a istinadən xəbər verir ki, axşam saatlarından buraxılış məntəqəsinə çatan zəvvarlar uzun növbə gözləməli olublar. Zəvvarlar bildiriblər ki, növbədə gözləyərkən məntəqənin giriş qapısında sıxlıq yaranıb.
“Növbə yaranan ərazidə insaların təbii və fiziki ehtiyaclarını ödəməsi üçün heç bir infrastruktur yoxdur. Növbə zamanı isə qocalar, xəstələr, uşaqlar və qadınlar əziliblər”, - zəvvarlardan biri əlavə edib.
Qeyd edək ki, Astara Gömrük İdarəsinin Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsi (SNBM) saat 9-dan 20-ə dək fəaliyyət göstərir. Zəvvarlar növbə tutmaq üçün buraxılış məntəqəsinin qarşısına axşam saatlarından yığılıblar.
Azərbaycan Dövlət Gömrük Komitəsi isə (DGK) Astara Sərhəd-Nəzarət Buraxılış Məntəqəsinin giriş qapısında yaranan sıxlığa münasibət bildirib.
Komitənin mətbuat xidmətinin yaydığı açıqlamada isə bildirilir ki, ötən gündən etibarən vətəndaşların müqəddəs ziyarətgahlara səyahət etməsi ilə əlaqədar İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara Gömrük İdarəsində nisbi sıxlıq müşahidə olunub:
“Sıxlığın aradan qaldırılması məqsədilə Astara Gömrük İdarəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Belə ki, son 1 gündə Astara Gömrük İdarəsi vasitəsi ilə 49 ədəd avtobus, 40 ədəd yüngül minik avtomobilinin, 3700-dən artıq sərnişinin keçidi təmin olunub ki, bu da sərhəd-keçid məntəqəsinin potensialından 3 dəfə çoxdur.
Hazırda ötən günlə müqayisədə sərhəd-keçid məntəqəsində sıxlıq azalıb və bu istiqamətdə həyata keçirilən müvafiq tədbirlər nəticəsində günün sonuna qədər sıxlıq tam aradan qaldırılacaq”.
Mənbə:> Oxu.az