İranla sərhəd keçid məntəqəsinin gündəlik iş saatı artırıldı
Azərbaycan ilə İran arasında Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsinin gündəlik iş rejimi 10 saatdan 12 saata çatdırılıb.
Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən bildirir ki, artıq oktyabrın 29-dan Şahtaxtı və Poldəşt gömrük orqanları Bakı vaxtı ilə səhər saat 08:30-dan axşam saat 20:30-dək fəaliyyət göstərəcək.
Bu yenilik Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin İranın Qərbi Azərbaycan vilayətinə səfəri çərçivasındə imzalanmış iqtisadi və mədəni sahələrdə əməkdaşlıq haqqında memoranduma əsasən həyata keçirilib. İş vaxtının uzadılması vətəndaşların Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsindən istifadəsinin daha da yaxşılaşmasına, eləcə də xarici ticarət dövriyyəsinin artmasına şərait yaradacaq.
Beynəlxalq statusa malik Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsində tətbiq olunan yeniliklərdən biri də yüklü nəqliyyat vasitələrinin buraxılışının təmin olunmasıdır. İran İslam Respublikasının Poldəşt gömrüyünün yenidən qurulması və iş prosesində elektron idarəetmə sisteminin tətbiqinə başlanılması imkan verir ki, Naxçıvan Muxtar Respubikasından xarici ölkələrə və Azərbaycanın digər bölgələrinə gedən və əks istiqamətdə gələn yüklü nəqliyyat vasitələrinin buraxılışı həyata keçirilə bilsin. Bu isə öz növbəsində xarici ticarət əməliyyatları ilə bərabər Naxçıvanın tranzit potensialının artmasına da əlavə stimuldur.
Qeyd edək ki, 2007-ci ildə Araz çayı üzərində yeni Şahtaxtı-Poldəşt körpüsünün tikilib istifadəyə verilməsi, 2009-cu ildə Şahtaxtı Gömrük İdarəsi üçün müasir kompleksin qurulması, burada əlverişli iş şəraitinin yaradılması bu gömrük orqanının fəaliyyətinin artırılmasına və günün tələbləri səviyyəsində qurulmasına hesablanmış addımlar idi. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının yaxın vilayətləri arasında bütün sahələrdə qarşılıqlı münasibətlərin ilbəil möhkəmlənməsi fonunda gömrük əlaqələrinin də inkişafı onu deməyə əsas verir ki, gələcəkdə Şahtaxtı-Poldəşt sərhəd keçid məntəqəsi maksimum gücüylə fəaliyyət göstərəcək.
Mənbə:> Virtualaz.org