Azərbaycanla İranın gömrük xidmətləri əlaqələri genişləndirir
Bu gün İran İslam Respublikasının Culfa Gömrük İdarəsində bu ölkənin və Azərbaycan gömrük xidmətlərini təmsil edən nümayəndə heyətləri arasında görüş keçirilib.
Bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) Oxu.Az-a bildirilib.
Görüşdə Azərbaycan tərəfdən DGK sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev və Naxçıvan DGK-nin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov, İran tərəfdən isə bu ölkənin Şərqi Azərbaycan Regional Gömrük İdarəsinin rəisi Ələsgər Abbaszadə və İran Gömrük Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Əhəd Pərahan iştirak edib.
Görüş çərçivəsində dövlətdaxili prosedurlara təqdim etmək məqsədilə iki dövlətin gömrük xidmətləri arasında gömrük işi sahəsində qarşılıqlı inzibati yardım, eləcə də mal və nəqliyyat vasitələri haqqında məlumatların elektron qaydada əvvəlcədən ötürülməsini nəzərdə tutan sənəd layihələrinin işlənib hazırlanması, həmçinin Azərbaycan və İran arasında fəaliyyət göstərən sərhəd-keçid məntəqələrinin 24 saatlıq rejimə keçidlə bağlı işlərin davam etdirilməsi və digər ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Görüş zamanı iki dövlətin ərazilərindən istifadə etməklə tranzit daşımalarının artırılması üçün daha münbit şəraitin yarandığı və gömrük işi sahəsində əməkdaşlığın daim inkişaf etdiyi diqqətə çatdırılaraq bu əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində müvafiq addımların atılması haqqında razılıq əldə olunub.
Xatırladaq ki, görüşdə İranın Naxçıvandakı Baş konsulunun müavini Əli Məhəmmədi də iştirak edib.
Gündəlikdə duran məsələlərin müzakirəsi məqsədilə nümayəndə heyətlərinin görüşləri fevralın 2-də Naxçıvan Muxtar Respublikasında davam etdiriləcək.
Mənbə:> Oxu.Az