Kredit bürosunun yeni tərkibi açıqlandı
Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin noyabrın 7-də keçirilən iclasında əsas müzakirə mövzusu özəl kredit bürosunun yaradılması ilə əlaqədar məsələlər olub.
“Kredit Büroları haqqında” Qanun layihəsinin artıq Milli Məclisdə 3-cü oxunuşda qəbul edilməsi ilə əlaqədar, yaradılacaq kredit bürosu ilə bağlı işlər intensivləşdirilir.
Məlumdur ki, büro üçün 2,2 milyon avro investisiya tələb olunur. Bu vəsaitin 51%-ni İslandiyanın “Creditinfo” şirkəti, 49%-ni isə yerli bankların və digər təşkilatların investisiya edəcəyi planlaşdırılır. Hazırda 19 bank, “TBC Kredit”və “PAŞA Sığorta” büronun səhmdarı olmaq üçün müraciət edib.
Oxu.Az Fins.az-a istinadən xəbər verir ki, ABA-nın üzv təşkilatlara göndərdiyi məktubda bildirilir ki, bununla bağlı, iclas zamanı Rəyasət Heyəti tərəfindən aşağıdakı qərarlar qəbul edilib:
1. Kredit bürosunun Nizamnaməsi, “İnvestisiya və İştirakçılararası Müqavilə”sini “Creditinfo” və BM hüquq şirkəti ilə müzakirə edərək son variantın hazırlanması və Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılması, eyni zamanda, sənədin yekun versiyasının səhmdarların ilk iclasına təqdim edilməsi üçün aşağıdakı tərkibdə İşçi Qrup yaradılsın:
– “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev;
– “Accessbank” ASC-nin İdarə Heyəti sədrinin müavini Şakir Rəhimov;
– “Bank of Baku” ASC-nin İdarə Heyətinin sədri Abbas İbrahimov;
– “Kapitalbank” ASC-nin Müşahidə Şurasının sədri Cəlal Qasımov;
– “Unibank” ASC İdarə Heyəti sədrinin müavini Asəf Hüseynov;
2. “Rabitəbank” ASC-nin Müşahidə Şurasının sədri Zakir Nuriyev Qrupun sədri təyin edilsin;
3. ABA-nın İcraçı Direktorluğuna təşkilati məsələlərin həlli və “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”na isə İşçi Qrupunun üzvləri ilə birlikdə hüquqi məsələlərin müzakirəsi və əlaqədar işlərdə iştirak etmək tapşırılsın.
Mənbə:> Oxu.az