Qanunsuz mərc oyunlarına ciddi zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Qanunsuz mərc oyunlarına ciddi zərbə

Qanunsuz mərc oyunlarına ciddi zərbə


Dövlət yerli və xarici onlayn totalizatorlara qarşı mübarizə elan etdi.

Azərbaycanda uzun illərdir kazino və qumarxanaların fəaliyyəti qadağan olunub, idman mərc oyunları sahəsində isə rəsmi operator olan “Topaz” işləyir. Buna baxmayaraq, müntəzəm olaraq Bakıda və regionlarda gizli oyun yerləri aşkarlanır.

Hətta bəzən belə yerlərə zirzəmilərdəki kafelərdə deyil, sanballı məkanlarda da rast gəlinir. Təkcə bu ilin may ayında Vergilər Nazirliyi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 82 halda akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili halları aşkar edilib.

Bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinə əsasən, protokollar tərtib edilib və məhkəmələrə göndərilib. Məlum olub ki, bu yerlərdə əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmur. Belə ki, 257 vergi ödəyicisi üzrə dövriyyənin orta hesabla 4 dəfə azaldıldığı müəyyən edilib.

Bu, yalnız bir vergi nəzarəti halında aşkarlanan faktlardır. Qeyd olunduğu kimi, qanunsuz fəaliyyət və uduşlara dövlət təminatının olmaması oyunçulara uduşların verilməməsinə də yol açır. İnsanların bədbəxt olması ilə yanaşı, həm də onlayn totalizator və “qara bazar”da dövr edən pullar büdcədən kənarda qalır. Bu isə indiki qəliz iqtisadi durumda büdcəyə dəstək ola bilərdi.

Təəssüf ki, gizli qumarxanalarla yanaşı, insanlarımız onlayn totalizatorlarda da oynayıb, külli miqdarda pullar uduzurlar. Əksəriyyət daha yüksək əmsallarla oynayıb, çox pul qazanmaq arzusu ilə qeyri-qanuni saytlara üz tutur.

Təxmini hesablamalara görə, azərbaycanlılar virtual məkanlarda milyonlarla dollar uduzurlar. Azərbaycanlıların xarici totalizatorlara meyillənməsinin artıq təhlükəli həddə gəlib çatması haqqında dəfələrlə xəbərdarlıqlar səslənib.

İndiyədək bu qanunsuz əməllərin qarşısının alınması imkanları yox idi. Qanunsuz mərc oyunları keçirən adamları uzaqbaşı cərimələyib buraxırdılar, o da bir müddət sonra yenidən fəaliyyətini bərpa edirdi. Siyasətçilər və ictimai xadimlər dəfələrlə həyəcan təbili çalaraq, dövləti bu sahədə ciddi tədbirlər görməyə çağırırdı.

Artıq bu çağırışlara rəğmən konkret addımlar atılıb. Bu günlərdə Azərbaycan prezidentinin imzaladığı “Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” prezidentin 2009-cu il 27 avqust tarixli 147 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” fərman vəziyyəti kökündən dəyişəcək.

Çünki sənəddə qanunsuz idman mərc oyunlarına qarşı tədbirlər gücləndirilib, tələblər sərtləşdirilib. Həmçinin Azəbaycanda qanunsuz idman mərc oyunlarının qarşısının alınması sahəsində polis və nazirliklərə yeni səlahiyyətlər verilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün.

Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Bu isə o deməkdir ki, ölkədə qanunsuz totalizatorlarla mübarizəyə polis də qoşulur. Beləliklə, bu fərmanın tətbiqi ölkədə oyun industriyasının “qara bazar”ına son qoymuş olacaq.

Qeyd edək ki, bəzi dövlətlərdə oxşar praktika çoxdan tətbiq edilir. Hətta məhz leqal mərc oyunlarından gələn gəlir hesabına idman inkişaf etdirilir. Beynəlxalq Olimpiya Komitəsinin qiymətləndirməsinə görə, idman mərc oyunları ilə bağlı “qara bazar”ın illik dövriyyəsi 140 milyard dollara çatır.

Məsələ ilə bağlı rəsmi araşdırma aparan “İnterpol” da bu sferada böyük pulların dövr etdiyini təsdiqləyib. Bu yaxınlarda Fransada da qanunsuz totalizatorlar qadağan edilib.

Beynəlxalq Olimpiya Komitəsi hesab edir ki, dövlətlərin bu mübarizəyə qarışması, hətta qanunsuz totalizatorlarla bağlı transmilli şəbəkənin yaradılması vacibdir. Çünki bəzən bu oyunlar idmanda korrupsiyaya yol açır.

Axı sirr deyil ki, totalizatorlarda iri məbləğdə mərc gələnlər bəzi idmançılarla danışıb, razılaşdırılmış oyunlar təşkil edirlər. Bu isə artıq mütəşəkkil cinayətkarlıq deməkdir və ona qarşı ümumi mübarizə aparmaq lazımdır.

İdman şərəfli bir məşğuliyyətdir. Lakin qanunsuz mərc oyunları idman üçün dopinqdən də betər təhlükəyə çevrilir. Ciddi bəlalarla üzləşməmək üçün azartlı vətəndaşlarımızı yalnız rəsmi, icazə verilən yerlərdə oynamağa dəvət edirik. Burada hər kəsin uduşunu alacağına, həm də vergisini ödəyib, dövlətə kömək olacağına zəmanət var.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *