Millət vəkilləri `Topaz`ı niyə `vurur`?
Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması təklif olunub.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Deputat bildirib ki, bu barədə ötən gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Reklam haqqında” yeni qanun layihəsinin ikinci oxunuşunun müzakirəsi zamanı fikir səsləndirib.
“İkinci oxunuş üçün qanun layihəsi geniş müzakirələrdən keçib. Ötən gün də bu qanun layihəsi yenidən müzakirə olundu. İdman-mərc oyunlarının qeyd olunan vaxta yayımlanması yeni qanun layihəsinə daxil edilib. Digər vaxtlarda yayımlanması gənclər və yetkinlik yaşına çatmış şəxslərə müəyyən qədərə zərər verir. Ona görə də belə bir qərar qəbul olundu”.
Ümumiyyətlə Azərbaycanda bütün yaş həddindən olan insanların bəlasına çevrilən “Topaz” məsələsi Milli Məclisdə son zamanlar bir neçə dəfə müzakirə mövzusu olub. Belə ki, azyaşlıların və xanımların da bu cür mərc oyununa meyllənməsi diqqətdən qaçmır. Deputatların bir neçəsi bununla bağlı öz narahatlıqlarını bildirirlər.
Onlar bəzən bu mövzu ilə bağlı çıxışlar edir, mərc oyunlarının ləğvi təklifini irəli sürürlər. Milli Məclisin iclaslarında “Topaz”ın cəmiyyətdə böyük bir bəlaya çevrilməsi, bir çox ailələrin, gənclərin bu bataqlıqdan qurtula bilməməsi gündəmə gətirildi.
Xatırladaq ki, “Topaz”la bağlı narazılıq Milli Məclisdə 2013-cü ilin mart ayında da bildirilib. Deputat Məlahət İbrahimqızı həmin zaman çıxışında bildirmişdi ki, “Topaz” cəmiyyətdə xərçəng xəstəliyi kimi yayılıb və bu cür qumarxanaların ləğv olunsun.
Bu ilin fevral ayında da Milli Məclisdə “Topaz”ın ləğv edilməsi kimi təklif olundu. Bu dəfə deputat Qüdrət Həsənquliyev çıxışında mərc oyunlarının ləğv olunmasını təklif etdi. Deputat qeyd etdi ki, bu oyunların ləğv olunması çox vacibdir:
“Bir vaxtlar Heydər Əliyev çox yaxşı ki, Azərbaycanda kazinoları yığışdırtdı. O bu addımı ilə çox ailəni, çox gənci bu bəladan xilas etdi. İndi isə idman mərc oyunları ailələrdə problemlər yaradıb. Nə qədər ailələrin uşaqları bu bəlaya düçar olub”.
Deputat bu oyunların ləğv edilməsini, bunun əvəzində keçmişdə olduğu kimi "super lotto" kimi oyunların keçirilməsini təklif edib. Deputatın təklifinə reaksiya verən spiker Oqtay Əsədov da onunla razı olduğunu bildirib.
Deputat Fazil Mustafa da “Topaz”ın bağlanmasının tərəfdarı olduğunu bildirmişdi. Deputat bildirmişdi ki, “Qumara qarşı olduğum üçün mən də mərc oyunlarının qadağan edilməsinin tərəfdarıyam”.
Bu fikirlərdən sonra Gənclər və idman naziri Azad Rəhimov Milli Məclisdə “Topaz” idman mərc oyunu operatorunun fəaliyyətinin dayandırılmasının vacibliyi barədə səslənən təklifə münasibət bildirərək deyib ki, deputatlar belə bir qərarı qəbul edəcəkləri halda, onu dəstəkləyəcək. O, bir vətəndaş və şəxs kimi “Topaz”ın bağlanmasına heç bir etiraz etməyəcəyini bildirib:
“Milli Məclis ”Topaz"ın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdı. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz".
Qeyd edək ki, Azərbaycanda böyük pul dövrüyyəsi olan mərc oyunlarının təşkilatçıları 2011-ci il yanvarın 18-nə kimi qeyri-rəsmi fəaliyyət göstərirdilər. Ancaq sonradan mərc oyunları rəsmiləşdirildi və bunların təşkilatçısı kimi "Topaz" şirkəti fəaliyyətə başladı.
Mənbə:> Azvision.az - Anar Kəlbiyev